Bakı. Trend:
Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü
münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi
parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının
geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli
şəkildə işıqlandırılıb.
Trend xəbər verir
ki, yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri
Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer
verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə
nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə
məlumat verilib.
Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları,
o cümlədən Anadolu agentliyi, “TRT Avaz”, “TRT Haber”, “A
Haber”, “Haber Global”, NTV televiziya kanalları, “Milliyet”,
“Hürriyet”, “HaberTürk”, “Akşam”, “Sabah”, “Yeni Şafak”, “Türkiye
Gazetesi”, “Kıbrıs Gazetesi” qəzetləri və digər media
qurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb. Hər iki qardaş
ölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları,
qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxucunun
diqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın
çıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika və
silahlara cəlb edib.

Xəbərlərdə Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazda
dayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıx
həmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlı
bəyanatlarından sitatlar gətirilib. Prezident İlham Əliyevin Vətən
müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
“Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!”
bəyanatının çox ciddi mesaj olması və “Azərbaycan xalqı bu qardaş
dəstəyini heç vaxt unutmayacaq” ifadəsi, eləcə də Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu Zəfər Qafqazda davamlı sülhə
gedən yolun məhək daşıdır” sözləri Anadolu agentliyinin “Baş xəbər”
rubrikasında oxucuların diqqətinə çatdırılıb.
Xüsusi diqqət Türkiyə Prezidentinin Azərbaycanın 44 günlük
müharibədə tarixi Qələbəsindən sonra Asiya və Avropada geosiyasi
balansın dəyişməsi barədə bəyanatına yönəlib. Materiallarda
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çoxsaylı fotoşəkilləri
təqdim olunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin
bərpasının bütün Türk dünyası üçün əhəmiyyəti xüsusi
vurğulanıb.
Pakistanın aparıcı media qurumları, o cümlədən “ARN News
Centre”, “AAJ News (AAJ TV)”, “The Express Tribune”, “Brecorder”,
“Geo News”, “24 News HD”, “Minute Mirror”, “Lead Pakistan”,
“Dawn” televiziya və nəşrlərinin yayımladığı xəbərlərdə
Hərbi paradın möhtəşəmliyi, Azərbaycan, Türkiyə və Pakistan hərbi
qüvvələrinin birgə iştirakı, nümayiş olunan hərbi texnika və
aviasiya qüvvələri barədə məlumat verilib. Xüsusi diqqət Azərbaycan
Prezidentinin çıxışına yönəldilib, dövlətimizin başçısının Türkiyə
və Pakistanın Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli
dəstəyi barədə fikirləri geniş işıqlandırılıb. Həmçinin, Prezident
İlham Əliyevin Azərbaycanın ədalətli mübarizəsi zamanı göstərdiyi
möhkəm dəstəyə görə Pakistana təşəkkür etdiyi, rəsmi İslamabadın
Cənubi Asiyada regional sabitliyin təmin edilməsindəki rolunu
yüksək qiymətləndirdiyi vurğulanıb. Xəbərlərdə Pakistanın Baş
naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirakı xüsusi qeyd olunub,
üç qardaş ölkənin ordularının sıx əməkdaşlığı diqqətə çatdırılıb.
Pakistan mediasında paradın regional əməkdaşlıq və Cənubi Qafqazda
sülh və sabitliyin güclənməsi baxımından əhəmiyyətini də ön plana
çıxardığı qeyd olunub. “The Express Tribune” nəşri
bu baxımdan Pakistan Baş nazirinin Hərbi paraddakı çıxışında “Bu,
dostluq və regional həmrəyliyin əyani göstəricisidir” ifadəsini
xüsusi vurğulayıb.
Pakistan mediasında Baş nazir Məhəmməd Şahbaz Şərifin
Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə görüşü, eləcə də
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü
barədə də məlumat verilib.

Birləşmiş Ərəb Əmirliklərinin aparıcı media qurumları da, o
cümlədən “ARN News Centre”, “UAE BARQ”, “Emarat Al Youm”,
“Al Bayan”, “Sharjah24” və “20Four” portalları Vətən
müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi
paradı geniş işıqlandırıb. Xəbərlərdə Bakıda keçirilən Hərbi
paradın möhtəşəmliyi, nümayiş etdirilən hərbi texnika və Azərbaycan
Ordusunun hərbi qüdrəti barədə ətraflı məlumat verilib. Xüsusi
diqqət Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz
Şərifin paraddakı çıxışlarında səsləndirdiyi fikirlərə yönəldilib.
Materiallarda Azərbaycan və Türkiyə liderlərinin regional
əməkdaşlıq, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması
barədə bəyanatları da yer alıb.

Gürcüstanın nüfuzlu “1tv.ge”, “24news.ge”, “aktual.ge”,
“interpress.ge” portalları Azərbaycanda Vətən
müharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbi
parad və bayramla bağlı xəbərlər yayıblar. Yayımlanan xəbərlərdə
Azərbaycanda Zəfər Gününün təntənəli şəkildə qeyd olunması, Vətən
müharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı Bakıda keçirilən
Hərbi parad və bu tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin,
Pakistanın Baş nazirinin, eləcə də digər rəsmi şəxslərin iştirak
etmələrindən, Azərbaycan və Türkiyə prezidentlərinin çıxışından
materiallar yayıblar.
Rusiyanın bir sıra nəşrləri də Hərbi parad barədə məqalələr
yayımlayıb. Bu ölkənin “Gazeta.ru” nəşri paradın
miqyasına diqqət çəkərək 5 mindən çox hərbçinin iştirak etdiyini və
150-dən artıq hərbi texnikanın nümayiş etdirildiyini, eləcə də
Xəzər dənizində hərbi gəmilərin düzüldüyünü qeyd edib.
“News.ru” Prezident İlham Əliyevin çıxışındakı
simvolik ifadəni ön plana çəkib: “Onlar Bakıda çay içmək
istəyirdilər, indi Azərbaycan çayını istintaq təcridxanasında
içirlər”. “Vestikavkaza.ru” isə tədbirdə mötəbər
qonaqların – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın
Baş naziri Məhəmməd Şahbaz Şərifin və Birləşmiş Ərəb Əmirliklərinin
vəliəhdi Şeyx Həmdan bin Məhəmmədin iştirak etdiklərini
vurğulayıb.
İspaniyanın EFE agentliyi də Hərbi parada
xüsusi diqqət ayırıb. Agentliyin yayımladığı xəbərdə İkinci Qarabağ
müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi
paradda Türkiyə və Pakistan liderlərinin də iştirakı vurğulanıb.
Xəbərdə əsasən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Baş
nazirinin fikirləri diqqətə çatdırılıb, liderlərin Azərbaycanın
Qələbəsinin regionda sülh, inkişaf və əmin-amanlıq üçün yeni səhifə
açması barədə fikirləri qeyd olunub. Bu xəbər İsveçrənin
“Swissinfo.ch” nəşri tərəfindən də EFE-yə istinad
olunaraq yayımlanıb.
Rumıniyanın “Ultima-ora” nəşri Prezident İlham
Əliyevin paraddakı çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın
Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycana, Azərbaycan
xalqına və Ordusuna dəstəyi barədə fikrinə xüsusi yer verilib.

Moldovanın nüfuzlu “Moldova Today” nəşri Bakıda
keçirilən Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan hərbi
qüvvələrinin birgə iştirakına, üç qardaş ölkənin liderlərinin
çıxışlarına, nümayiş olunan hərbi texnikaya və regionda sabitliyin
güclənməsinə xüsusi diqqət ayırıb. “Bu parad təkcə silahların
nümayişi deyil, regionda yeni geosiyasi reallığın başlanğıcıdır”, –
deyə nəşrdə xüsusi vurğulanıb.
Bolqarıstanın “24 Chasa” nəşri paradda Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfərinin Türk
dünyası üçün qürur mənbəyi olması, Qarabağın azad edilməsinin bütün
Türk dünyası üçün əhəmiyyəti barədə fikirləri qeyd edilib. Bundan
başqa, Türkiyənin Azərbaycana və Azərbaycan Ordusuna fəal dəstəyi,
Qələbənin qazanılmasında Azərbaycan Ordusunun qəhrəmanlığı və
xalqın birliyinin rolu vurğulanıb, işğaldan azad edilmiş ərazilərdə
inkişaf, sülh və əmin-amanlığın bərqərar olduğu qeyd edilib.
Misirin aparıcı media qurumları, o cümlədən “Al
Shorouk”, “Al Ahram” və “Cairo24”
nəşrləri də Bakıda keçirilən Hərbi paradı geniş işıqlandırıb.
Xəbərlərdə paradda iştirak edən ali qonaqlar, nümayiş olunan hərbi
texnika, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə
iştirakı barədə ətraflı məlumat verilib. Misir mediası Azərbaycan
və Türkiyə liderlərinin çıxışlarına, tədbirin Cənubi Qafqazda
sabitliyin və regional əməkdaşlığın əhəmiyyətinə diqqətin cəlb
edilməsi baxımından önəmi vurğulanıb.
Hərbi parad barədə nüfuzlu “Forbes” jurnalı, Səudiyyə
Ərəbistanının ingilisdilli “Arab News” və digər
media qurumları da xəbərlər yayımlayıb. “Forbes”
jurnalında dərc olunan geniş reportajda Hərbi paradın Azərbaycanın
hərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanın
xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ən
müasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qeyd
olunub.

