Dövlət bayrağı xalqımızın qürur mənbəyidir

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycanda dövlətçiliyimizi şərəfləndirən əlamətdar
tarixlərdən biri – Dövlət Bayrağı Günü qeyd olunur. Prezident İlham
Əliyev cənablarının 2009-cu il noyabr ayının 17 – də imzaladığı
«Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi
haqqında» sərənəcama əsasən noyabrın 9-nun respublikamızda Dövlət
Bayrağı Günü kimi təsis olunması tariximizə, rəmzlərimizə və
dövlətçilik ənənələrimizə olan ehtiramın nümunəsidir.

Hər bir xalqın dövlətçiliyinin və kimliyinin əsas
göstəricilərindən biri də onun dövlət bayrağıdır. Bu keçmişdə də
belə olub, müasir dövrümüzdə də belədir. Bayraq xalqın öz taleyinə
sahib çıxmasının, milli dünyagörüşünün, mənəvi aləminin, düşüncə
tərzinin mühüm atributudur. Bu kimi dəyərləri daşıdığına görə
bayraq bütün ölkələrdə əsas milli simvol kimi qəbul olunur.

Azərbaycan xalqının da bayrağı onun üçün fəxr və qürur
mənbəyidir. Tarixi 1918-ci ildən başlayan üçrəngli bayrağımız xalq
olaraq dövlətçilik dəyərlərimizə, tarixi azadlıq məfkurəmizə,
milli-mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizi
nümayiş etdirir.

Dövlət bayrağımız ilk dəfə 107 il öncə, 1918-ci il noyabrın 9-da
ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının
binası üzərində qaldırılan bayrağımız 1920-ci ilin aprel ayına
qədər dövlət statusuna malik olub. Bayrağımızdakı mavi rəng
Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir
cəmiyyət qurmaq istəyini, yaşıl rəng isə islam dünyasına
mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki
üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir olunur.

Məlum olduğu kimi ölkəmizdə bir çox dövlət qurumlarının yaranma
günü Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Bu,
dövlətçiliyimizin tarixi varisliyə söykəndiyini göstərən mühüm
məqamdır. Üçrəngli bayrağımızın 1918-ci ildə qəbul edildiyi tarixin
– noyabr ayının 9-nun Dövlət Bayrağı Günü kimi təsis edilməsi də
bunu təsdiqləyir.

Sovet dövləti Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qadağan
etmişdi. Həmin illərdə üçrəngli bayrağımızdan bəhs edilməsi belə
mümkün deyildi. Çünki bu bayraq müstəqilliyimizin ən böyük rəmzi,
xalqımızın milli identikliyinin tərənnümçüsü idi. Lakin xalqımız
müstəqillik ideyalarını və bayraq sevgisini həmişə yaşatdı. Ulu
Öndər Heydər Əliyevin təşəbbüsü və liderliyi ilə 1990-cı il
noyabrın 17-də üçrəngli bayrağımızın Naxçıvan Muxtar
Respublikasının rəsmi bayrağı kimi təsbit olunması da bunu təsdiq
edir.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1990-cı ilin iyul
ayında Moskvadan vətənə gəlişi respublikamızda müstəqillik uğrunda
başlanmış milli mücadiləyə güclü təkan verdi. Məhz Ulu Öndərin
təşəbbüsləri ilə Naxçıvanda qəbul edilən siyasi qərarlar bu
mübarizəni tamamilə yeni keyfiyyət mərhələsinə yüksəltdi. Bu
qərarların sırasında üçrəngli bayrağımızın Naxçıvan Muxtar
Respublikasının rəsmi bayrağı kimi təsbit olunması, Muxtar
Respublikanın adından «sovet» və «sosialist» sözlərinin çıxarılması
ilə bağlı qərarlar, daha sonra Naxçıvanda sovet ittifaqının
saxlanılmasına dair referendumun boykot edilməsi böyük tarixi
əhəmiyyətə malik olan siyasi hadisələrdir. Ulu Öndərin cəsarəti və
qətiyyətinin göstəricisi olan bu qərarlar dövlətçilik tariximizin
şərəfli səhifələrini təşkil edir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli
bayrağımızla bağlı qərar qəbul etdikdən sonra Azərbaycan SSR Ali
Soveti qarşısında bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi
tanınması haqqında vəsatət qaldırmışdı. 1991- ci il fevral ayının
5-də həmin vəsadətə baxılmış və Azərbaycan Respublikasının Ali
Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun
qəbul edərək, onu yenidən Dövlət Bayrağı elan edib. Milli Məclisdə
2004-cü ildə qəbul olunan “Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydaları haqqında” qanunla isə bu sahədə
qanunvericilik bazası daha da təkmilləşdiriib. Qanuna əsasən Dövlət
bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən
olunub.

Bu gün üçrəngli dövlət bayrağımız ən mötəbər ünvanlarda, nüfuzlu
siyasi və iqtisadi platformalarda, beynəlxalq təşkilatlarda
dalğalanaraq müstəqil və tarixinin ən qüdrətli Azərbaycanını
əzəmətlə tərənnüm edir. İdmançılarımızın beynəlxalq yarışlarda
qalib olduqları zaman bayrağımızın dalğalanması hər birimizə qürur
hissi yaşadır.

Xalqımızın bayrağımıza olan sevgisi və ehtiramı həm də bir
başqadır. 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması
ilə yanaşı, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması
haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən
paytaxtımızda möhtəşəm Dövlət bayrağı meydanının inşası da bu
sevginin və ehtiramın nümunəsidir. 2010-cu il sentyabr ayının 1-də
Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində cənab
Prezident İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini
vurğulayaraq demişdir:

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız
canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət
bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən
sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan
torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda,
Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə
yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan
bayrağına!”.

Bəli, cənab Prezidentin dediyi bu sözlər artıq reallaşıb, həyata
vəsiqə alıb. Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən
sonra işğaldan azad edilən ərazilərimizə səfərlər edən cənab
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk olaraq Dövlət
bayrağımızı ucaltdı. İndi Azərbaycan bayrağı işğaldan azad edilən
ərazilərimizdə, bütün Qarabağ torpaqlarında əzəmətlə dalğalanır.
Ona görə artıq 5-ci ildir ki, Azərbaycan xalqı Dövlət Bayrağı
Gününü tamamilə başqa ovqatda, zəfər əhval ruhiyyəsi ilə qarşılayır
və qeyd edir.

Üçrəngli Dövlət bayrağımız bundan sonra da vüqarla dalğalanacaq,
hər zaman müstəqilliyimizi və milli kimliyimizi dünyaya bəyan
edəcək.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir