
Bakı. Trend:
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı
Səfirliyinin əməkdaşları İllinoys Urbana-Şampeyn Universitetində 8
Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirdə
iştirak ediblər.
Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyindən Trend-ə verilən məlumata
görə, tədbirdə İllinoys Universitetinin professor, müəllim və
tələbə heyəti, Orta Qərbi Amerikanın Azərbaycan Mərkəzinin rəhbəri
Fərid Məmmədov və Mərkəzin üzvləri və Çikaqoda yaşayan
həmvətənlilər iştirak etmişlər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Səfirliyin əməkdaşı Ramel
Lətifov qeyd etmişdir ki, 8 noyabr tarixi hər bir azərbaycanlı üçün
dərin məna daşıyır. Bu tarix Şuşa şəhərinin işğaldan azad edilməsi
və ərazi bütövlüyümüzün bərpası günüdür. Bu gün xalqımızın
möhkəmliyini və birliyini simvolizə edir, sülh, suverenlik və
ədalət uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini
ehtiramla yad edirik.
R. Lətifov Səfirlik adından Orta Qərbi Amerikanın Azərbaycan
Mərkəzinə, Azərbaycan Tələbə Assosiyasiyasına, İllinoys
Urbana-Şampeyn Universitetinə, tələbələrimizə və bu bayramın
keçirilməsinə şərait yaradan hər kəsə təşəkkür etmişdir.

