İranda Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının İrandakı Səfirliyi tərəfindən 08
noyabr 2025-ci il tarixdə Zəfər Günü münasibətilə rəsmi qəbul
keçirilmişdir. Rəsmi qəbulda İran Parlamentinin deputatları, İran
Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitləri, dövlət
qurumlarının rəsmi şəxsləri, kütləvi informasiya vasitələrinin və
ictimaiyyətin nümayəndələri, xarici ölkələrin İrandakı səfirləri,
hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları,
Tehranda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Azərbaycan Respublikasının İrandakı Səfirliyindən Trend-ə verilən məlumata
görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən
şəhidlərimizin xatirəsinin anılması və dövlət himnlərinin
səsləndirilməsi ilə başlanan rəsmi qəbulda ölkəmizin şanlı
qələbəsini, ordumuzun nailiyyətlərini və işğaldan azad olunmuş
ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən
videoçarxlar nümayiş etdirilmişdir. Tədbiri giriş sözü ilə açan
Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnik
Elvin Qasımov 44 günlük Vətən Müharibəsində Azərbaycan Silahlı
Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlar, ələ keçirdiyi hərbi
qənimətlər haqqında iştirakçılara məlumat vermişdir. Hərbi attaşe,
Azərbaycan-İran dövlət sərhəddinin 132 kilometrlik hissəsinin də
işğaldan azad olunduğunu vurğulayaraq Azərbaycan Respublikası
Prezidentinin bu münasibətlə hər iki ölkə xalqlarına təbrik
mesajını xatırlatmış, Ali Baş Komandanın Azərbaycan-İran sərhədini
dostluq sərhədi adlandırdığını qeyd etmiş, işğaldan azad olunmuş
ərazilərimizdə İranla birgə hərbi təlimlərin keçirildiyini və hər
iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da
genişləndiyini bildirmişdir. Polkovnik Elvin Qasımov Azərbaycan
Silahlı Qüvvələrinin zəngin döyüş təcrübəsinin bir çox ölkələr
tərəfindən öyrənildiyini, ordumuzun yüksək səviyyəli idarəetmə,
yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləri
ilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində durmağa
daim hazır olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 30
ilə yaxın müddətdə davam edən səylərdən və səmərəsiz danışıqlardan
sonra 2020-ci ildə Azərbaycanın özünümüdafiə hüququndan istifadə
etməyə məcbur olduğunu və ərazi bütövlüyünü beynəlxalq hüquqa və
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq
bərpa etdiyini bildirmişdir. Səfir, 44 günlük Vətən Müharibəsi
ərzində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik
rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinin Ordumuzun
gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın
əzmini və möhkəm birliyini bütün dünyaya nümayiş etdirdiyini
vurğulamışdır. Səfir Əli Əlizadə, Azərbaycanın Zəfər müharibəsindən
dərhal sonra beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip üzrə
sülh müqaviləsi layihəsini təqdim etdiyini və bunun nəticəsində
cari ilin avqust ayının 8-də Vaşinqtonda, Azərbaycanın və
Ermənistanın xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini
parafladığını diqqətə çatdırmışdır. Səfir, Azərbaycan Respublikası
Prezidentinin birbaşa diqqət və qayğısı ilə Azərbaycanın işğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi
genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin bir daha
Azərbaycanın regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığa
nail olmaq üçün göstərdiyi səylərinin və qətiyyətinin təzahürü
olduğunu qeyd etmişdir.

30 ilə yaxın bir dövrdə işğal altında olmuş Azərbaycan-İran
sərhədinin 132 kilometrlik hissəsinin tam bərpa edilməsinin
Azərbaycan-İran əlaqələrinə də öz xüsusi töhfəsini verdiyini
vurğulayan Əli Əlizadə, qeyd olunan ərazilərdə də ağıllı kənd və
şəhərlərin, geniş avtomobil yolları və dəmiryolunun, çoxsaylı
infrastruktur layihərinin tikintisinin, kommunikasiya
bağlantılarının yaradılmasının, İranla sərhəddə yeni Ağbənd-Kəlalə
körpüsünün inşasının Azərbaycanın dost və qardaş İranla
əlaqələrinin inkişafında və əməkdaşlığının daha da
möhkəmləndiriməsində qətiyyətini bir daha təsdiq etdiyini diqqətə
çatdırmışdır.

Əli Əlizadə, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin
hörmət və ehtiramla yad edərək Zəfər Günü münasibətilə, eləcə də 9
Noyabr – Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbrik
etmişdir.

Rəsmi qəbul, milli mətbəximizin təamları ilə verilən ziyafət və
Azərbaycan musiqilərin ifası ilə davam etmişdir. Qonaqlar həmçinin,
Azərbaycanın Vətən Müharibəsinə və Zəfər Gününə dair təşkil olunmuş
foto sərgi ilə də tanış olmuşlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir