
Bakı. Trend:
ABŞ-nin nüfuzlu Kolumbiya Universitetində şanlı Zəfərimizin
beşinci ildönümünə həsr olunan tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir
Azərbaycan Amerika Gənclər Federasiyasının təşkilatçılığı,
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə baş tutub.
Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnlərinin səsləndirilib,
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova çıxış
edərək Zəfər tarixi haqqında geniş məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun igidliyi sayəsində qazanılan tarixi qələbənin siyasi
əhəmiyyətini diqqətə çatdırıb, Zəfərimizin dünya
azərbaycanlılarının qürur mənbəyinə çevrildiyini, soydaşlarımızı
informasiya müharibəsində daha əzmkar olmağa sövq etdiyini
bildirib.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir
Tofiq Musayev Zəfər Gününün xalqımızın tarixində xüsusi yerini
vurğulayıb, 30 illik işğala son qoyulması prosesini xatırladaraq
hadisələri beynəlxalq hüquq aspektindən təhlil edib.
“Koloradoda Azərbaycan Diasporu” təşkilatının rəhbəri Nigar
Şıxsəfiyeva, Azərbaycan-Amerika Gənclər Assosiasiyasının prezidenti
Nabat Eminova, yerli ictimaiyyətin nümayəndəsi Con Teylor, “My Way”
Uşaq və Gənclər İnkişaf Mərkəzinin təmsilçisi çıxışlarında
Azərbaycan xalqını Zəfər günü münasibəti ilə təbrik edib, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin bu qələbədə əvəzsiz xidmətlərini,
qəhrəman Azərbaycan oğul və qızlarının fədakarlıqlarını nəzərə
çatdırıblar.
Sonra qələbəyə aparan yolu tərənnüm edən “Vətən” İncəsənət və
Mədəniyyət Mərkəzinin və “ElTV production” şirkətinin birgə
layihəsi çərçivəsində komitənin dəstəyi ilə ərsəyə gələn “Dəmir
Yumruq” filmi, eləcə də “Şəhidə məktub” qısa filmi göstərilib.
Tədbir bədii hissə ilə davam edib. Milana Nabiyeva, Dana və
Aline Zoabi bacıları, Emili Məmmədova, eləcə də “My Way” Uşaq və
Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun ifa etdikləri Azərbaycan
milli rəqsləri tədbir iştirakçılarının sürəkli alqışları ilə
qarşılanıb.
Tədbir zamanı həmçinin “My Way” Mərkəzinin gənc rəssamlarının
əsərlərindən ibarət sərgi də nümayiş olunub.

