
Bakı. Trend:
9 noyabr tarixində Gəncə İdman Sarayında ilk dəfə Aerobika
gimnastikası üzrə Avropa çempionatı keçirilib.
Trend xəbər verir ki, gənclər
və 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropa
çempionatında 20 ölkədən 380 gimnast iştirak edib. Yarış
iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış
ediblər.
Yarışın ilk günündə gimnastlar təsnifat mərhələsində öz
kompozisiyalarını nümayiş etdiriblər. Tədbir çərçivəsində musiqi
ilə vəhdət təşkil edən çıxışlar, rəngarəng şoular və xüsusi rəqs
nömrələri tamaşaçılara təqdim olunub. Arenada toplaşan izləyicilər
bu performansları böyük maraqla izləyərək həm əyləncəli, həm də
ilhamverici anlar yaşayıblar. Bu, eyni zamanda, Azərbaycanın
gimnastikaya verdiyi yüksək önəmi bir daha nümayiş etdirib.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri, Avropa
Gimnastikasının Prezidenti Fərid Qayıbov əvvəlcə hər kəsi Zəfər
Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Nazir
şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, ruhlarının şad
olmasını arzulayıb, qazilərimizə isə sağlam və xoşbəxt ömür
diləyib. O, Azərbaycanın gimnastika sahəsində qazandığı uğurlardan
bəhs edərək qeyd edib ki, bu nailiyyətlər Prezident İlham Əliyev və
Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın gimnastikaya göstərdiyi
xüsusi diqqət və qayğının nəticəsidir. Fərid Qayıbov, həmçinin,
ölkəmizin belə nüfuzlu yarışlara ev sahibliyi etməsinin
əhəmiyyətini vurğulayıb və bütün idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, hazırda Gəncə İdman Sarayında Avstriya,
Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa,
Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva,
Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev
sahibi Azərbaycan gimnastları çempionluq uğrunda mübarizə
aparırlar. Bu gün start götürən yarışa 11 noyabr tarixində yekun
vurulacaq.

