Zəfər Gününün münasibətilə Əlcəzairdə tədbir təşkil edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Əlcəzairdəki səfirliyi 8 Noyabr – Zəfər Gününün
5-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirib.

Səfirlikdən Trend-ə bildirilib ki, tədbirdə Əlcəzairin dövlət və
hökumət nümayəndələri, tanınmış siyasi-ictimai xadimlər, burada
akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərin
rəhbərləri və əməkdaşları, Əlcəzairdə yaşayan, işləyən və təhsil
alan həmvətənlərimiz və media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Əlcəzairin Dövlət himnləri
səsləndirilib.

Azərbaycanın Əlcəzairdəki səfiri cənab Tural Rzayev çıxış
edərək, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna
əhəmiyyət daşıdığını, bu günün ölkəmizin tarixində qürur və şərəf
səhifəsi kimi qeyd olunduğunu bildirib. T.Rzayev Azərbaycan
tarixinin ən parlaq səhifələrindən biri olan 8 Noyabr – Zəfər
Gününün xalqımızın birliyi, əzmkarlığı və mübarizliyinin simvolu
olduğunu vurğulayıb.

Səfir deyib ki, 44 günlük Vətən müharibəsi nəticəsində
Azərbaycan öz ərazi bütövlüyünü bərpasına nail olub, beynəlxalq
hüququn norma və prinsiplərini əsas götürərək BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin icrasını təmin edib. O, Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
qazandığı möhtəşəm Zəfərin xalqın birliyi və iradəsinin təntənəsi
olduğunu söyləyib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədən
sonra Azərbaycan xalqının Dövlət Bayrağı Gününü daha böyük qürur və
sevinclə qeyd etdiyi diqqətə çatdırılıb.

Çıxışında diplomat həmçinin bildirib ki, bu qələbə təkcə hərbi
deyil, həm də siyasi və mənəvi qələbədir. Azərbaycan bu gün
regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə yönəlmiş
siyasət həyata keçirir. O, Ermənistanla sülh sazişinin imzalanması
istiqamətində aparılan danışıqlara toxunaraq, Azərbaycanın
sülhsevər və konstruktiv mövqeyini diqqətə çatdırıb. Səfir cari il
avqustun 8-də Vaşinqtonda əldə olunmuş sülh razılaşmasının
Azərbaycanın daim sülh təşəbbüsü ilə çıxış edən ölkə olduğunu bir
daha əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb.

T.Rzayev işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq işlərindən, məcburi köçkünlərin öz
doğma yurdlarına qayıtmasından danışıb.

Ziyafətlə davam edən tədbirdə, 8 Noyabr – Zəfər Gününə həsr
olunmuş videoçarx nümayiş etdirilib, Azərbaycanın tarixi şəhərləri
və azad edilmiş torpaqlarının bərpası ilə bağlı görüntülər
izlənilib. Qonaqlara Azərbaycanın müstəqillik və inkişaf yolundan
bəhs edən çap materialları təqdim olunub.

Tədbir çərçivəsində qonaqlar Azərbaycanın zəngin mədəni irsi və
Zəfər Günü münasibətilə hazırlanmış sərgiyə böyük maraq
göstəriblər.

Sonda, qonaqlar səfirliyə bu əlamətdar gündə təşkil edilmiş
tədbir üçün minnətdarlıq bildirərək, Azərbaycan xalqına davamlı
sülh, tərəqqi və rifah arzularını çatdırıblar.

Tədbir Əlcəzairin nüfuzlu xəbər portallarında geniş şəkildə
yayımlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir