Zəfər Günü Niderlandda böyük coşqu ilə qeyd edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Niderland Krallığının siyasi və inzibati mərkəzi olan Haaqa
şəhərində Azərbaycanın Zəfər Günü münasibətilə unudulmaz bir bayram
ab-havası yaşanıb. Şəhərin ən nüfuzlu mədəniyyət mərkəzlərindən
olan Milli Teatrda (Het Nationale Theater) “Mənim Azərbaycanım:
Odlar Yurdunun ritmləri” adlı möhtəşəm konsert proqramı baş
tutub.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Niderlanddakı
Səfirliyindən məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Niderlanddakı Səfirliyi,
Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək
Fondu və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin birgə
təşkilatçılığı ilə keçirilib.

Böyük maraq doğuran tədbirə Niderlandın dövlət qurumlarının,
ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi, ictimai,
işgüzar, mədəniyyət və akademik dairələrin, kütləvi informasiya
vasitələrinin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləri
qatılıblar. Tədbirdə, habelə Diasporla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Vaqif Seyidbəyov da iştirak edib.

Konsertin başlanğıcında 2021-ci ildə Şuşada – Cıdır düzündə
keçirilən “Xarıbülbül” musiqi festivalında Kənan Bayramovun ifa
etdiyi “Bayatı-Şiraz” muğamının videosu nümayiş etdirilib. Bu
möhtəşəm ifa fonunda Şuşanın füsunkar mənzərələri və festivalın
unudulmaz anları tədbirə dərin emosional ovqat bəxş edib, salonda
duyğulu anlar yaşanıb.




Ardınca çıxış edən Azərbaycanın Niderland Krallığındakı səfiri
Məmməd Əhmədzadə bu təsirli səhnənin rəmzi mənasını vurğulayaraq
bildirib ki, “Bayatı-Şiraz” muğamı uzun illər ərzində işğal
dövründə Azərbaycan xalqı üçün ağrının, həsrətin və Vətənə qayıdış
ümidinin simvoluna çevrilmişdi və artıq beş ildir ki, bu həsrət
geridə qalıb, tarixi ədalət bərpa olunub. Prezident İlham Əliyevin
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz
səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”
sözlərini xatırladan diplomat bu fikirlərin Azərbaycan xalqının
qürur salnaməsinə həkk olunduğunu, bu gün Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, bölgəmizdə sülh
və sabitliyin bərqərar olunduğunu vurğulayıb. O, həmçinin qeyd edib
ki, 2025-ci ilin Azərbaycanda Konstitusiya və Suverenlik İli elan
olunması, bu günlərdə Zəfərin beş illiyinin və Dövlət Bayrağı
Gününün böyük fəxarət hissi ilə qeyd edilməsi dövlətçiliyimizin
daha da möhkəmlənməsinin və milli birliyimizin təntənəsidir.
M.Əhmədzadə çıxışının sonunda bildirib ki, dünya miqyasında sülh və
ədalət paytaxtı kimi tanınan Haaqa şəhərinin Milli Teatrında
Azərbaycan musiqisinin və rəqslərinin səslənməsi, bu səhnədə həm
vətəndən gəlmiş, həm də Niderlandda yaşayan azərbaycanlı
musiqiçilərin birgə çıxışı xüsusi qürur mənbəyi, Zəfərimizin
bayramı, sülhün, dostluğun və Azərbaycan-Niderland mədəni
əlaqələrinin parlaq rəmzidir.

Tədbir xalqımızın zövqünü, sevincini və həyat eşqini əks etdirən
milli musiqimizin və rəqslərimizin zəngin palitrasını təqdim edən
rəngarəng konsert proqramı ilə davam edib. Azərbaycanın “Ritm” rəqs
qrupu “Qaytağı”, “Sarı gəlin”, “Vağzalı”, “Çay”, “İgidlər”,
“İnnabı”, “Nağara”, “Uzundərə”, “Fantaziya” və “Yallı” kimi rəqslər
ilə tamaşaçılara milli musiqimizin ritmlərini, rəqslərimizin
coşqusunu və enerjisini yaşadıb. Səhnədə həm Niderlandda yaşayan
azərbaycanlı ifaçılar, həm də Azərbaycandan gəlmiş musiqiçilər bir
araya gəlib. Tanınmış bəstəkar və müğənni, Azərbaycan-Niderland
“Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırova “Bulaq üstə gedən
gözəl”, “Doğma diyar, Azərbaycan”, istedadlı sənətçi Nemətəğa
Əliyev “Şuşanın dağları”, “Azərbaycan oğluyam”, gənc musiqiçilər –
müğənni Orxan Cəlilov və pianoçu Vasif Hüseynli “Azərbaycan”,
“Ana”, “Bulaq üstə gedən gözəl”, “Doğma diyar, Azərbaycan”, “Ay
Laçın”, “Qalalı”, “Bu gecə”, “Şən Azərbaycan”, “Küçələrə su
səpmişəm”, “Çırpınırdı Qara dəniz” kimi sevilən mahnıları dərin
emosional ifadə və vətənpərvərlik duyğuları ilə səsləndirərək
tədbirə xüsusi rəng qatıblar.

Konsertin ən təsirli anlarından biri yekunda bütün musiqiçilərin
və rəqqasların birgə səhnəyə çıxaraq birlikdə “Ey Vətən” mahnısını
ifa etməsi olub. Mahnının sədaları altında zalda alqışlar, sevinc
və qürur dolu emosiyalar bir-birinə qarışıb.

Hər bir rəqs və musiqi nömrəsinə uyğun hazırlanmış
videoproyeksiyalar və vizual effektlər tədbirə xüsusi ab-hava
qatıb, tədbirin duyğusal dərinliyini daha da artıraraq,
tamaşaçılara sanki Azərbaycana səyahət imkanı yaradıb.

Unudulmaz anlar bəxş edən konsert proqramı auditoriya tərəfdən
böyük maraq və alqışlarla qarşılanıb. Axşam boyu Haaqanın Milli
Teatrını bürüyən bu coşğu və milli ruh, Zəfərimizin dünyada necə
böyük məna daşıdığını bir daha nümayiş etdirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir