
Bakı. Trend:
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə
ölümü gözə alan oğullarımızdan biri olan Fərid Ələkbərovun şəhidlik
zirvəsinə ucaldığı gündən 5 il ötür.
Trend xəbər verir ki, Azərbaycan ordusunun zabiti Murovdakı bir
sıra yüksəkliklərin düşməndən azad olunmasında iştirak edib,
Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət
göstərib.
Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan
olub. Əslən Bakının Nardaran kəndindəndir. O, İstanbul Kuleli Hərbi
Liseyində və Ankaradakı Quru Qoşunları Hərbi Məktəbində təhsil
alıb. İsparta şəhərindəki Dağ Komando Məktəbini və Polatlı Topçu
Məktəbini fərqlənmə diplomu ilə başa vurub.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi
və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan
İkinci Qarabağ müharibəsində ön sıralarda savaşıb. Noyabrın 9-da
Şuşa-Xankəndi yolunda düşmən tankından atılan mərmi nəticəsində
şəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan döyüşçü və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi
üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”
medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
2022-ci ildən Bakının Yasamal rayonundakı küçələrdən biri Fərid
Ələkbərovun adını daşıyır. Bu gün beş il əvvəl Xankəndidə şəhid
olan mayor Fərid Ələkbərovun anım günüdür.

