
Bakı. Trend:
Abşeron rayonunda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri
ilə görüş keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin və YAP
Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən
tədbirdə RİH başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları
Nigar Məmmədova, Rizvan Nəbiyev, YAP Abşeron Rayon Təşkilatının
sədri Abbas Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri
İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri,
Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova,
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri,
müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Tədbirdə
Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda
şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.
Zəfərimizin 5-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını
təbrik edən RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Müzəffər Ali
Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin qətiyyətli iradəsi, uzaqgörən siyasəti sayəsində Vətən
Müharibəsində xalqımız qalib gəldi. Şəhidlərimizin və ümumilikdə
ordumuzun şücəti ilə düşmən döyüş meydanında diz çökdürüldü və
bununla da 30 illik vətən həsrətinə son qoyuldu. İşğaldan azad
olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən,
soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmasından, azad,
təhlükəsiz şəraitdə yaşamağa başlamasından danışan RİH başçısı
ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına böyük diqqət
və qayğının göstərildiyini və bu qayğının bundan sonra da davam
etdiriləcəyini söyləyib.
YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev də çıxış
edərək bildirib ki, respublikanın hər yerində olduğu kimi, Abşeron
rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr –
Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir. Bu bayramın
xalqımız üçün xüsusi yerə, xüsusi əhəmiyyətə malik olduğunu qeyd
edən təşkilat sədri əlavə edib ki, Zəfər bayramı Azərbaycan
igidlərinin döyüş meydanında sərgilədiyi qəhrəmanlıqların
təcəssümüdür.
Milli Məclisin deputatı Nigar Məmmədova Zəfər bayramının
əhəmiyyətindən danışaraq qeyd edib ki, bu qələbə ilə Azərbaycan
xalqı bölgəyə sülh və əmin amanlıq gətirdi. Regionumuzun siyasi
baxışı dəyişdi. Artıq bölgəmizdə yeni böyük imkanlar və logistik
fürsətlər yaranıb.
Milli Məclisin deputatı Rizvan Nəbiyev də çıxış edərək bildirib
ki, Azərbaycan Vətən Müharibəsində qalib gəlməklə regionun
siyasətini sülhə, bərabərliyə doğru dəyişib. Xalqımız “Dəmir
yumruq” ətrafında sıx birləşərək vətənimizin ərazi bütövlüyünü,
suverenliyimizi tam bərpa etdi.
Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi
şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək,
ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
O, şəhid ailələrinin yaşamın hər bir anında dövlətin qayğısını hiss
etdiklərini, şəhidlərin xatirələrinin uca tutulduğunu qeyd edərək
bütün bunlara görə Müzəffər Ali Baş Komandan, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlığını
bildirib.
Tədbirdə Vətən Müharibəsi qəhrəmanı, şəhid Orxan Əkbərovun
övladı Çingiz Əkbərovun və Vətən Müharibəsi şəhidi Fərid Məmmədovun
övladı Fuad Məmmədovun doğum günləri təbrik edildi, onlara müxtəlif
hədiyyələr təqdim olundu.
Bundan sonra tədbirin bədii hissəsi başlayıb. Bədii hissədə
ölkəmizin tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə vətənə,
qələbəmizə həsr olunan mahnılar səsləndirilib.

