Eskişehirdə Zəfər Günü bağlı tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Eskişehir Azərbaycanlıları Dərnəyi (ESAZDER) və Türkiyə
Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı
ilə “44 Günə Yazılan Dastan: Qarabağ Zəfəri” adlı panel və bayram
tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Eskişehirin
Taşbaşı Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin
birinci müavini Valeh Hacıyev, TADEF sədrinin müşaviri Pərviz
Məmmədzadə, rəsmi şəxslər, siyasi partiyaların və QHT-lərin
nümayəndələri, akademiklər, tələbələr və çoxsaylı vətəndaşlar
iştirak ediblər.

Açılış nitqində Valeh Hacıyev qeyd edib ki, Qarabağ Zəfəri
Azərbaycan Ordusunun qəhrəmanlığı və Türkiyənin mənəvi dəstəyi ilə
qazanılmış bir dastandır: “Bu zəfər Türk birliyinin nə qədər güclü
olduğunun ən canlı sübutudur”.

Çıxışlardan sonra tədbir panel iclası ilə davam edib. Eskişehir
Osmanqazi Universitetinin professoru Fərzanə Dövlətabadinin
moderatorluğu ilə baş tutan paneldə Kahramanmaraş Sütçü İmam
Universitetinin professoru Toğrul İsmayıl və Ankara Universiteti
Hüquq Fakültəsinin professoru Cavid Abdullazadə çıxış edib.

Məruzələrdə Qarabağ Zəfərinin beynəlxalq hüquqi aspektləri,
bölgədə yaratdığı geosiyasi nəticələr və türk dünyası üçün strateji
əhəmiyyəti barədə fikirlər səsləndirilib.




Paneldən sonra ESAZDER gəncləri tərəfindən təqdim olunan rəqs və
musiqi proqramı tədbir iştirakçılarının böyük marağı ilə
qarşılanıb.

Kamilə Bağırzadənin “Ağ Çiçəyim” rəqsi, Ayan Süleymanovanın
oxuduğu “Azərbaycan” mahnısı, Davud İbrahimov və Səma
Niftəliyevanın “Uzundərə” xalq rəqsi, həmçinin Elvin Məmmədlinin
muğam ifası tamaşaçılara duyğulu anlar yaşadıb.

Proqram Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş videonun
təqdimatı və səhnədə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Dərnəyin sədri Cavid Aydın çıxışında Azərbaycan–Türkiyə
qardaşlığının tarix boyunca sarsılmaz bağlara söykəndiyini
vurğulayıb: “Qarabağ Zəfəri iki qardaş ölkənin könül birliyinin
simvoludur. Biz bu ruhu gənclərimizə ötürməyə və yaşatmağa davam
edəcəyik”.

Sonda tədbir iştirakçıları Qarabağ Zəfərinin Türk dünyasında
yaratdığı birlik, güvən və qürur hissini bir daha xatırladaraq
“Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!” şüarı ilə tədbiri
yekunlaşdırıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir