
Bakı. Trend:
Noyabrın 11-də Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı
xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə
əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris
proqramının “TV və canlı jurnalistika (“live journalism”)”
mövzusuna həsr olunan növbəti mərhələsinə start verilib.
Trend
xəbər verir ki, açılış mərasimində çıxış edən “Euronews”un Bakı
üzrə icraçı direktoru Fernando Soares diqqətə çatdırıb ki, “live
journalism” formatı auditoriya ilə birbaşa ünsiyyətə əsaslanan və
iştirakçılıq prinsipini önə çıxaran yeni nəsil media təcrübəsidir.
O qeyd edib ki, təlim proqramı jurnalistlərə hadisələri canlı,
faktoloji dəqiqlik və emosional təsir balansı ilə təqdim etmə
bacarıqlarını təkmilləşdirməyə imkan yaradır. Vurğulanıb ki, bu
təşəbbüs informasiya məkanında etibarlılığın və ictimai marağın
davamlılığının təmininə xidmət edən mühüm addımdır.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq
Məmmədli isə qeyd edib ki, müasir media mühitində televiziya
jurnalistikasının keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi
və yeni texnoloji trendlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. O
bildirib ki, belə beynəlxalq əməkdaşlıq layihələri gənc
jurnalistlərin bilik və bacarıqlarının inkişafına, həmçinin milli
televiziya məzmununun beynəlxalq standartlara uyğunlaşdırılmasına
töhfə verməklə yanaşı, medianın dayanıqlı inkişafına şərait
yaradır.
Dördgünlük təlim proqramı Medianın İnkişafı Agentliyinin Bakı
Dövlət Universitetindəki xüsusi auditoriyasında “Televiziya
xəbərlərinin hazırlanması, televiziya reportajları və canlı yayım”
mövzusu ilə başlayıb. İştirakçılar “Euronews” telekanalının Astana
bürosunun rəhbəri, televiziya yayımı sahəsində geniş təcrübəyə
malik peşəkar jurnalist və media rəhbəri Bojan Brkiçin təqdimatında
xəbər süjetlərinin hazırlanması, efir üçün materialların
strukturlaşdırılması və canlı bağlantıların idarə olunması kimi
praktiki bacarıqlarla tanış olublar.
Tədris prosesi interaktiv mühazirələr, praktiki tapşırıqlar,
qrup müzakirələri və televiziya xəbərlərinin analizi ilə davam
edib.
Qeyd edək ki, təlim proqramı noyabrın 14-dək davam edəcək.

