Hərbi parad dövlətimizin gücünün, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının əyani göstəricisi oldu – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Beş il öncə dünyaya səs salan tarixi Zəfərimiz Azərbaycan
dövlətinin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin,
xalqımızın torpaq, Vətən sevgisinin, yenilməzliyinin, məğrurluğunun
təqdimatı oldu. Bu gün biz Azərbaycan xalqı olaraq Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
ordumuzun 44 gündə yazdığı şanlı Zəfər tarixinin reallıqlarını
yaşayır və bundan böyük qürur hissi keçiririk. Bu baxımdan noyabrın
8-də Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci
ildönümünə həsr olunmuş Hərbi parad özündə mühüm məqamları ehtiva
etdi. Hərbi paradda Vətən müharibəsi dövründə dünyaya bəyan edilən
Azərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı bir daha ən yüksək
səviyyədə nümayiş etdirildi. Azərbaycan Prezidenti İlham Əliyevin,
Birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd
Şahbaz Şərifin iştirak etdikləri Hərbi paradda Azərbaycanın,
Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi, üç qardaş
ölkənin hərbçiləri yanaşı dayandı. Bu, Azərbaycan, Türkiyə və
Pakistan xalqlarının, ordularının birliyinin əyani təzahürüdür.
Dövlət başçısı İlham Əliyev Hərbi paraddakı çıxışında bir daha
diqqəti 44 günlük İkinci Qarabağ müharibəsinə yönəldərək bildirdi
ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk
saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan
Ordusuna öz dəstəyini göstərdi. Onun verdiyi siyasi və mənəvi
dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Onun “Azərbaycan
tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya
çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt
unutmayacaq. Şanlı Zəfərimizdən bir il sonra Qarabağın incisi Şuşa
şəhərində Türkiyə və Azərbaycan Prezidentləri tarixi Şuşa
Bəyannaməsini imzalayaraq əlaqələrimizi ən yüksək zirvəyə –
müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün Hərbi paradda Türkiyə
hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür. 2020-ci
ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında da Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə
bizimlə bərabər digər əziz qardaşımız iştirak edir. Qardaş
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qonağımızdır. Pakistan
dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana
dəstək və həmrəylik göstərmişdir. Dost ölkələrdən gəlmiş bütün
qonaqları salamlayan Prezident İlham Əliyev onların Hərbi paradda
bizimlə bərabər olmalarını bir daha birliyimizin, həmrəyliyimizin,
qarşılıqlı dəstəyin əyani şəkildə göstəricisi kimi
dəyərləndirdi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan, Türkiyə və
Pakistan birliyi yeni geosiyasi güc mərkəzinə çevrilib. Bu birlik
tarixi Zəfərimizdən sonra daha da möhkəmlənib. 2021-ci ilin
iyununda Azərbaycan və Tükiyənin dostluğunun, qardaşlığının,
müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının
ardınca həmin ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan
parlament sədrləri Bakıda bir araya gələrək birliyimizin təqdimatı
olan Bakı Bəyannaməsini imzaladılar. Ölkələrimiz arasında əlaqələr
müxtəlif səviyyələrdə uğurla inkişaf etdirilir. Bu həmrəyliyin
növbəti təzahürü kimi bu ilin 28 May-Müstəqillik Günündə Laçın
şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə
görüşünü qeyd edə bilərik. Hərbi paradda Azərbaycan, Türkiyə və
Pakistan liderlərinin çiyin-çiyinə dayanaraq şanlı Zəfərimizin
qürurunu birgə yaşamalarının sevinci səsləndirdikləri çağırışlarda
da özünün aydın ifadəsini tapdı. Belə ki, Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın “Azərbaycanın sevincini bölüşən Pakistanın Baş
naziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dost
ölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm” fikirlərənin davamı
olaraq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki,
Pakistan, Azərbaycan və Türkiyə – ürəkləri bir döyünən üç qardaş bu
gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə,
hamılıqla qeyd edirlər.

Vüqar Rəhimzadə vurğulayıb ki, dünyanın diqqətini Azərbaycana,
tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı
reallıqlara yönəldən Hərbi paradda dövlət başçısı İlham Əliyevin
səsləndirdiyi hər bir fikir dünənimizə baxış, gələcəyəmizə yönələn
çağırış oldu. Azərbaycanın şanlı Qələbəyə gedən yolundan, iqtisadi,
siyasi, hərbi, diplomatik sahədə qazandığı uğurlardan, gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə edilməsindən geniş bəhs edən
Prezident İlham Əliyev bildirdi ki, ordu quruculuğu hər zaman
prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı
Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq,
ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu
və digər amillər Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir. Bu
gün Azərbaycan Ordusunun texnikası həm say, həm keyfiyyət, həm də
müasir döyüş konsepsiyalarına uyğunluğu baxımından dünyada ön
sıralardadır. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli
raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş
yüksəkdəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya
sistemlərinə qədər geniş spektr müşahidə olundu. Bu müxtəliflik
ordunun, eyni zamanda, həm müdafiə, həm də əməliyyat-taktiki hücum
funksiyalarını effektiv həyata keçirməsinə imkan verir. Yüksək
döyüş hazırlığı səviyyəsinə malik olan Azərbaycan Ordusu regionda
sülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu daha da
möhkəmləndirir.

Millət vəkili Müzəffər Ali Baş Komandanın çıxışında yer alan bu
məqama xüsusi diqqəti yönəldib ki, Ermənistan İkinci Qarabağ
müharibəsi ərəfəsində daha da azğınlaşdı, ölkəmizə qarşı yeni ərazi
iddiaları ilə çıxış etməyə başladı. Onlar Azərbaycanı yeni müharibə
ilə hədələdilər. Müzəffər Ali Baş Komandan Hərbi paradda bu
çağırışı etdi ki, deyirdilər onların tankları Bakı küçələrində
olacaq. Deyirdilər onlar Bakıda çay içəcəklər. Əslində, onların bu
arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları
bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi
cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və
istintaq təcridxanasında Azərbaycan çayını içirlər.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın ədalətə və beynəlxalq
hüquqa söykənən siyasətinin uğurları davamlıdır. Tarixi
Zəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı sülhün və
təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh
müqaviləsinə beynəlxalq dəstək də bunun bariz nümunəsidir. Türkiyə
və Pakistan liderləri çıxışlarında tarixi Zəfərimizin reallıqları
fonunda bu məqamı xüsusi qeyd etdilər. Qardaş Türkiyənin Prezidenti
Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bölgəmizdə yeni bir dövrün
qapıları açılıb. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi
balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki
zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir
son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı
olaraq görürük.

Milli Məclisin deputatı onu da vurğulayıb ki, tarixi Zəfərimiz
Türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsini
bir hədəf kimi qarşıya qoyub. Hərbi paraddakı çıxışında Rəcəb
Tayyib Ərdoğan böyük qürur hissi ilə qeyd etdi ki, Qarabağın
azadlığa qovuşması təkcə Azərbaycan deyil, Türk dünyası üçün də
böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında
atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan
Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə
qızıl hərflərlə yazılmışdır. Can Azərbaycan ilə ikitərəfli
əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki
birlik və həmrəyliyimizi də davam etdiririk.

Vüqar Rəhimzadə bildirib ki, Zəfərimizin beş illiyinin
reallıqlarını özündə təcəssüm etdirən Hərbi parad tariximizə
növbəti qürur səhifəsini yazdı. Dünyanın diqqəti növbəti dəfə
Azərbaycana, onun regionda və beynəlxalq münasibətlər sistemində
möhkəmlənən mövqeyinə, söz sahibliyinə yönəldi. Azərbaycanın hər
bir hədəfə uğurla nail olması ölkəmizin dayanıqlı inkişafını
şərtləndirən əsas amildir. Dövlətimizin başçısı İlham Əliyevin hər
bir çıxışı Azərbaycanın bütün sahələrdə qazandığı uğurların,
gələcəklə bağlı çağırışlarının təqdimatıdır. Bu baxımdan Prezident
İlham Əliyevin Hərbi paradda səsləndirdirdiyi hər bir çağırış
hazırda dünya və ölkə mətbuatlarında geniş müzakirə edilir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bəyan etdiyi
kimi, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və
milli ləyaqətimizi biz özümüz bərpa etdik.

Milli Məclisin deputatı bu fikri xüsusi qeyd edib ki, tarixi
Zəfərimizin reallıqları fonunda Azərbaycana, onun ədalətli və
beynəlxalq hüquqa əsaslanan siyasətinə dəstək Hərbi paradda iştirak
edən qonaqların say tərkibində də özünün bir daha aydın ifadəsini
tapdı. Belə ki,bu möhtəşəm parada müxtəlif ölkələrin müdafiə
nazirləri, hərbi nümayəndə heyətləri qatıldılar. Türkiyə və
Pakistanın ali nümayəndə heyətlərindən əlavə, Slovakiyanın Baş
nazirinin müavini, müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə
nazirinin müavini, Serbiyanın Baş Qərargah rəisi, Qırğızıstanın
müdafiə naziri, Qazaxıstanın müdafiə naziri və Özbəkistanın müdafiə
nazirinin müavini də paradda iştirak etdilər. Noyabrın 8-də Azadlıq
meydanında keçirilən möhtəşəm Hərbi parad bir daha sübut etdi ki,
Azərbaycan hər zaman əməkdaşlıq məkanı, sülhün, təhlükəsizliyin
tərəfdarı kimi dünyanın diqqətindədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir