Azərbaycan musiqisi dünyaca məşhur «Carnegie Hall»da səslənib (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Nyu York şəhərinin dünyaca məşhur «Carnegie Hall»
konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140
illik yubileyinə həsr olunan 9-cu “Florida Keys” Beynəlxalq Musiqi
Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə,
qala-konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi, Florida Azərbaycan-Amerika Mədəniyyət
Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Konsertdə müsabiqədə seçilən 50-dən çox gənc istedad orkestrlə
birgə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib,
Üzeyir Hacıbəylinin yaradıcılığından parçalar səsləndiriblər.
ABŞ-də fəaliyyət göstərən azərbaycanlı pianoçu, beynəlxalq
müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədovun,
Azərbaycandan yarışmaya qatılan gənc musiqiçi Milana Nabiyevanın,
fleyta ifaçısı Emili Məmmədova-Zəkiyyənin çıxışları alqışlarla
qarşılanıb.




Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova
çıxış edərək qalibləri təbrik edib, Azərbaycan musiqisinin dünyada
tanıdılmasında xüsusi rol oynayan müsabiqənin təşkilatçılarına
təşəkkürünü bildirib. Qaliblərə diplomlar və pul mükafatları təqdim
olunub.

Qala-konsertin Azərbaycanın şanlı Zəfər Günü və Dövlət Bayrağı
Gününün qeyd olunduğu vaxta təsadüf etdiyini nəzərə alaraq,
Azərbaycan xalqına təbriklər ünvanlanıb.

Qeyd edək ki, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi
Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis
olunub. Müsabiqənin təsisçiləri ABŞ-nin Florida ştatında fəaliyyət
göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və
mədəniyyət komitəsinin direktoru, tanınmış incəsənət xadimləri
Cövdət Hacıyev və Əminə Dilbazinin qızı Pərvin Muradova, eləcə də
Assosiasiyanın prezidenti Töhfə Eminovadır. Hər il Assosiasiyanın
təşkilatçılığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi dünyanın
müxtəlif ölkələrindən istedadlı musiqiçiləri üzə çıxarmaq və
Azərbaycanın zəngin musiqi irsinin təbliğinə töhfə verməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir