
Bakı. Trend:
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola
düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük
təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində
hərbçilərin həlak olması ilə əlaqədar qardaş ölkənin daxili işlər
naziri Əli Yerlikayaya zəng edib.
Trend xəbər verir
ki, nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar
başsağlığını çatdırıb, yaxınlarına Allahdan səbr dilədiyini
bildirib.
Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin
Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə
çatdıran nazir K.Heydərov, faciə ilə əlaqədar Gürcüstanın daxili
işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti
müzakirə etdiklərini bildirib. Qeyd edib ki, gürcü nazir hər hansı
ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına
Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət
ediləcəyini bildirib.
Türkiyəli nazir Ə.Yerlikaya göstərilən dəstəyə görə Azərbaycan
dövlətinə təşəkkür edib.
Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam
etdirilir.

