
Bakı. Trend:
Kanadanın Hamilton şəhərində Azərbaycanın Vətən müharibəsində
qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunan konsert proqramı
təşkil edilib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi, Hamilton Azərbaycan Cəmiyyətinin
təşkilatçılığı ilə baş tutub.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi məlumat yayıb.
Konsert öncəsi qonaqlar Azərbaycanın görkəmli bəstəkarlarının
portretləri və onlar haqqında məlumat stendləri ilə tanış olublar.
Azərbaycan milli musiqi alətləri – tar, kamança və qaval haqqında
məlumat verilib, maarifləndirici broşürlər paylanıb. Hamiltonda
fəaliyyət göstərən dekorator Nərmin Məmmədovanın təşəbbüsü ilə
yaradılan, Azərbaycan milli ruhunu əks etdirən guşələrdə milli
geyim nümunələri, xalq sənətinə aid bəzək əşyaları və ölkəmizin
tarixinə dair ekspozisiyalar böyük maraqla qarşılanıb.
Konsert Azərbaycan Respublikasının və Kanadanın Dövlət
himnlərinin səsləndirilməsi ilə başlayıb.
Koreya, Çin, Pakistan, Kanada, İsrail, Suriya, Ukrayna, Rusiya
və digər ölkələrdən olan uşaqlar Azərbaycan musiqilərini böyük
sevgi ilə ifa ediblər. “Lirik vals”, “Sarı Gəlin”, “Sevgili Canan”
və “Ay Laçın” kimi əsərlərin səsləndirilməsi alqışlarla qarşılanıb.
Konsertin yadda qalan anlarından biri “ENANA” Balet Akademiyasının
üzvlərinin bəstəkar Qara Qarayevin “Yeddi Gözəl” baletindən
“Slavyan gözəli” obrazını canlandırması olub. Ardınca həmin
baletdən Vals kompozisiyasının təqdimatı maraqla qarşılanıb.
Konsertdə iştirakçılara, həmçinin 9 Noyabr – Dövlət Bayrağı Günü
barədə məlumatlar verilib.
Proqramın bədii rəhbəri Şəbnəm Sevinc uşaqlara sertifikatlar və
hədiyyə kartları təqdim edib.
Tədbir Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları ilə
yekunlaşıb.

