
Bakı. Trend:
Əvvəllər amerikalı xeyriyyəçi və ABŞ-nin keçmiş birinci xanımı
Jaklin Kennedinin yaxın dostu Reyçel Mellona məxsus olan nadir 9,51
karatlıq “Mellon Blue” almazı Cenevrədə 20,5 milyon İsveçrə
frankına (25,6 milyon dollar) satılıb.
Trend xəbər verir
ki, bu barədə “Christie’s” hərrac evi məlumat yayıb.
Hərrac evinin açıqlamasına görə, “Mellon Blue” almazının zəngin
rəngi onu nadir parlaq brilyant kateqoriyasına daxil edir və bu,
bütün mavi brilyantların 1 faizindən azını təşkil edir. Daş daxili
qüsurlardan tam azaddır.
Cenevrədəki “Christie’s” hərrac evinin zərgərlik şöbəsinin
müdiri Maks Fosettanın sözlərinə görə, bu daş “bazarda indiyə qədər
görünən ən gözəl rəngli daşlardan biri” hesab olunur.
Almaz 2014-cü ildə Reyçel Mellonun ölümündən sonra ilk dəfə
hərraca çıxarılıb və o zaman rekord məbləğə – 32,6 milyon dollara
satılmışdı. Yeni sahibi onun şəffaflığını artırmaq üçün bərpa
işləri aparıb. Nəticədə, daş ilkin çəkisi 9,75 karatdan 9,51 karata
enib və kulondan üzüyə çevrilib.

