
Bakı. Trend:
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin, milli
iradəsinin və hüquqi düşüncəsinin məntiqi nəticəsi olan Azərbaycan
Respublikasının Konstitusiyası bu gün müstəqil dövlətimizin siyasi,
iqtisadi və mənəvi inkişafının möhkəm təməlidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, hər bir dövlətin mövcudluğunu,
idarəçilik sistemini və vətəndaş-dövlət münasibətlərini tənzimləyən
əsas sənəd kimi Konstitusiya həm hüquqi, həm də ideoloji baxımdan
milli suverenliyin rəmzidir.
“Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci
il 12 noyabr tarixində referendum yolu ilə qəbul edilən Azərbaycan
Respublikasının Konstitusiyası, müasir dövlət quruculuğu
tariximizin ən mühüm hadisələrindən biridir. Elə buna görə də,
həmin gün Ulu Öndər Heydər Əliyevin 15 dekabr 1995-ci il tarixli
Fərmanı ilə “Azərbaycan Respublikasının Konstitusiyası Günü” kimi
qeyd olunur. Azərbaycanın konstitusiya quruluşunun tarixi XX əsrin
əvvəllərinə — Azərbaycan Xalq Cümhuriyyəti dövrünə qədər uzanır.
1918–1920-ci illərdə fəaliyyət göstərmiş Cümhuriyyət qısa ömrünə
baxmayaraq, dövlətçilik ideyalarının formalaşması və gələcək
Konstitusiyanın prinsiplərinin yaranması baxımından mühüm mərhələ
oldu. Lakin Cümhuriyyətin fəaliyyət müddəti az olduğundan, əsas
qanun qəbul etmək mümkün olmadı”.
S.Mikayılova vurğulayıb ki, Azərbaycanın ilk yazılı Konstitusiyası
1921-ci il 19 mayda qəbul edilmiş, daha sonra 1925, 1927, 1937 və
1978-ci illərdə yeni redaksiyalarla təsdiqlənmişdir:
“Xüsusilə 1978-ci il Konstitusiyası Ulu Öndər Heydər Əliyevin
təşəbbüsü ilə mühüm dəyişikliklərlə qəbul edilmiş, burada ilk dəfə
Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdur. Bu addım
milli kimliyin qorunması və hüquqi dövlətçilik ənənələrinin
möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıyırdı.1991-ci il 18
oktyabrda qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı” ölkənin yeni hüquqi
inkişaf mərhələsini müəyyənləşdirdi. Lakin həmin dövrdə dövlət
idarəçiliyindəki xaos və siyasi qeyri-sabitlik səbəbindən yeni
Konstitusiyanın hazırlanması mümkün olmadı”.
Deputat qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
qayıdan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etdi,
sabitlik yaratdı və müasir hüquqi dövlət quruculuğu prosesinə start
verdi.
“Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı
və dərin hüquqi, siyasi müzakirələr nəticəsində yeni Konstitusiya
layihəsi hazırlandı. 1995-ci il 12 noyabr tarixində keçirilən
ümumxalq referendumu bu prosesi zirvəyə çatdırdı — seçicilərin 91,9
faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. 27 noyabr
1995-ci ildən isə dövlətin Əsas Qanunu qüvvəyə mindi”.
S.Mikayılova əlavə edib ki, Azərbaycan Respublikasının
Konstitusiyası hüquqi dövlətin bütün əsas prinsiplərini əhatə
edir:
“Konstitusiya dövlət hakimiyyətinin üç qolu — qanunvericilik,
icra və məhkəmə hakimiyyətinin bölgüsünə, insan hüquq və
azadlıqlarının təmininə, dövlətin suverenliyinə və ərazi
bütövlüyünə, dünyəvilik və demokratiklik prinsiplərinə əsaslanır.
Konstitusiyanın 48 maddəsi bilavasitə insan və vətəndaş hüquqları
və azadlıqlarına həsr olunub. Bu müddəalar həm BMT-nin, həm də
Avropa Şurasının qəbul etdiyi beynəlxalq hüquqi sənədlərlə
uyğunlaşdırılmışdır. Azərbaycan Konstitusiyası insanı ali dəyər
kimi qəbul edir və dövlətin başlıca vəzifəsini onun hüquq və
azadlıqlarının müdafiəsi kimi müəyyən edir”.
Deputat qeyd edib ki, 1998-ci ildə fəaliyyətə başlayan
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi dövlət
quruculuğunda mühüm mərhələ oldu:
“Konstitusiya Məhkəməsinin yaradılması ilə ölkədə konstitusiya
nəzarəti institutu formalaşdı, qanunların və dövlət qərarlarının
Konstitusiyaya uyğunluğuna nəzarət sistemi təmin olundu. Beləliklə,
Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə müstəqilliyi,
vətəndaşların hüquqlarının məhkəmə qaydasında müdafiəsi kimi
prinsiplər reallığa çevrildi. Azərbaycan Respublikasının
Konstitusiyası müasir dövrün tələblərinə uyğun olaraq bir neçə dəfə
referendumla təkmilləşdirilmişdi. Bu dəyişikliklər ölkədə siyasi
sabitliyin, iqtisadi tərəqqinin və sosial rifahın təmininə xidmət
edib”.
S.Mikayılova qeyd edib ki, 2020-ci il Vətən müharibəsində əldə
edilən tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror
tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
tam bərpa olundu:
“Bu, Konstitusiyamızda təsbit edilmiş “dövlətin suverenliyi və
ərazi bütövlüyü” prinsipinin tam reallaşması deməkdir. Həmçinin
2025-ci ildə Konstitusiyanın qəbulunun 30 illiyi münasibətilə
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)”
yubiley medalı təsis edilmişdir. Bu medal, hüquqi dövlət
quruculuğuna, konstitusion ideyaların inkişafına və dövlət
müstəqilliyinin möhkəmləndirilməsinə xidmət etmiş şəxslərə təqdim
olunacaq”.
S.Mikayılova vurğulayıb ki, Azərbaycan Respublikasının
Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də milli
ideologiyanın, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq
məfkurəsinin əsas sütunlarındandır.
“Konstitusiyasa müstəqil dövlətimizin inkişaf yolunu, vətəndaşın
hüquqi statusunu, dövlət orqanlarının qarşılıqlı fəaliyyət
mexanizmini və cəmiyyətin əsas prinsiplərini müəyyən edən ali
qanundur. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi
ilə formalaşmış Konstitusiya bu gün Prezident İlham Əliyevin
rəhbərliyi altında müasir, güclü və suveren Azərbaycan dövlətinin
dayanıqlı inkişafını təmin edən əsas hüquqi baza rolunu oynayır. 12
Noyabr – Konstitusiya Günü yalnız bir bayram deyil, həm də
xalqımızın azadlıq iradəsinin, milli birliyinin və hüquqi dövlət
idealının təntənəsidir”, – deyə S.Mikayılova qeyd edib.

