
Bakı. Trend:
Tayvana daxil olan “Funq-Vonq” tayfunun gətirdiyi leysan
yağışlar ölkənin müxtəlif ərazilərində daşqınlara səbəb olub. Azı
51 nəfərin təbii fəlakətlə əlaqədar müxtəlif dərəcəli xəsarətlər
aldığı bildirilir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ən çox ziyan Tayvanın İlan bölgəsinə dəyib. Həmin ərazidə 25
rayon sel suları altında qalıb, 5907 ev elektrik təchizatından
məhrum olub.
Tayvan Dəmir Yolları korporasiyası bir neçə istiqamətdə
qatarların hərəkətini dayandırıb, əlverişsiz hava ilə əlaqədar
100-ə yaxın bərə reysi təxirə salınıb.

