
Bakı. Trend:
2023-cü ildə xidmət və istehsalat sahələri Azərbaycanda mikro,
kiçik və orta biznes müəssisələrinin məhsullarının buraxılışını
təmin edən əsas sektorlar olub.
Trend xəbər verir
ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asiyanın kiçik və orta
müəssisələrinin monitorinqi 2025” (ASM 2025) hesabatında qeyd
olunur.
KOB məhsul buraxılışında ən böyük pay topdansatış və pərakəndə
ticarətə (28,8%), digər xidmətlərə (28,6%) və istehsalata (18,1%)
məxsus olub. 2022-ci illə (12,6%) müqayisədə istehsalın payında
əhəmiyyətli artımın müşahidə olunduğu vurğulanır. Bu artıma 2020-ci
ildə yaradılmış Ələt Azad İqtisadi Zonası (ƏAİZ) mühüm təsir
göstərib. Zonanın məqsədi ixracyönümlü iqtisadiyyatı təşviq etmək
və əlverişli biznes mühitində yüksək əlavə dəyərli məhsulların
istehsalını artırmaqdır. ƏAİZ strateji cəhətdən əlverişli məkanda –
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və qlobal nəqliyyat
dəhlizlərinin yaxınlığında yerləşir.
Neft və qaz ixracı ənənəvi olaraq Azərbaycanın ümumi ixracının
90 faizindən çoxunu təşkil etsə də, KOB-lar əsasən neft-qazla bağlı
olmayan məhsullar ixrac edirlər. İlkin məlumatlara görə, 2024-cü
ildə neft-qazdan asılı olmayan məhsulların ixracı 3,4 milyard ABŞ
dollarına çatıb ki, bu da ümumi ixracın 12,7 faizini təşkil edir və
2023-cü illə müqayisədə 0,3 faiz artım deməkdir. Bu məhsullar üçün
əsas bazarlar Rusiya (34,6%), Türkiyə (16,2%), Gürcüstan (8,1%),
İsveçrə (6,6%), ABŞ (4,0%) və Qazaxıstan (3,9%) olub.
Hesabatda, həmçinin, Azərbaycanda elektron ticarət sektorunun
inkişafına diqqət yetirilir. Proqnozlara əsasən, 2025-ci ilin
sonuna qədər bu sahənin dövriyyəsi 85,3 milyon ABŞ dollarına
çatacaq. “E-commerce Database” (ECDB) portalının
qiymətləndirmələrinə görə, bazarda əsas pay hobbiyə və asudə vaxta
aid məhsullara (24,9%) məxsusdur, ardınca elektron cihazlar
(21,5%), moda (17,0%), mebel və ev məhsulları (11,9%), qulluq və əl
işləri (hər biri 8,3%) və ərzaq məhsulları (8,1%) gəlir.

