
COP29-a ev sahibliyi etdikdən sonra Azərbaycan aşağı emissiyalı texnologiyalara sərmayələri artırmağa çalışır.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji Mənzərəsi – 2025” hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, ölkə 2030-cu ilə qədər quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı hədəfləyir.
“Bakıda keçirilən COP29 zamanı Xəzər və Mərkəzi Asiya ölkələri tərəfindən bir sıra bəyanatlar səsləndirildi. Bu bəyanatlar arasında bərpa olunan enerji mənbələrinə dəstəyin artırılması və infrastruktur əlaqələrinin yaxşılaşdırılması öhdəlikləri də yer aldı. Nümunə olaraq, Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində həyata keçirilən Transxəzər Yaşıl Enerji Dəhlizini göstərmək olar”, – hesabatda qeyd olunur.
Bildirilir ki, qeyd olunan sazişin məqsədi tərəfdaş ölkələrin elektrik şəbəkələrinin inteqrasiyasını təmin etmək və bərpa olunan enerjinin ixracını mümkün etməkdir.

