
Bakı. Trend:
Müstəqil Azərbaycanın inkişaf tarixində ən mühüm hadisələrdən
biri yeni Konstitusiyanın qəbuludur.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
A.Həsənova qeyd edib ki, 1991-ci il oktyabrın 18-də qəbul
edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə
tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin səriştəsiz fəaliyyəti
nəticəsində ölkədə dərin böhran, idarəetmədə xaos və anarxiya
yaranmışdı, dövlət institutları formalaşmamış, qanunçuluq pozulmuş,
vətəndaşların təhlükəsizliyi və azad yaşamaq hüququ təmin
edilməmişdi.
Deputat vurğulayıb ki, yalnız xalqın tələbi ilə 1993-cü ildə
yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin
xilaskarlıq missiyası sayəsində bu təhlükəli proseslərə son
qoyuldu, ölkədə sabitlik bərpa olundu və müasir dövlət quruculuğu
üçün möhkəm təməl qoyuldu:
“Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya
Komissiyası tərəfindən müstəqil Azərbaycanın ilk Konstitusiya
layihəsi hazırlanaraq 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq
referendumu ilə qəbul edildi. Seçicilərin 91,9 faizi bu sənədin
lehinə səs verərək, ölkəmizin gələcək inkişaf istiqamətini
müəyyənləşdirdi. Ulu Öndərin 15 dekabr 1995-ci il tarixli Fərmanına
əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd
olunur”.
A.Həsənova qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısında xidmətləri saysız-hesabsızdır:
“Ulu Öndər Konstitusiyanın hazırlanması və qəbulunda misilsiz
rol oynayıb. Bu sənəd təkcə yeni ictimai-siyasi sistemin hüquqi
əsaslarını müəyyən etmədi, həm də Azərbaycanın hüquqi və demokratik
dövlət kimi inkişafının yeni mərhələsini başlatdı. Konstitusiya
insan hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratik
dəyərlərin qorunmasını dövlət idarəçiliyinin mərkəzinə
gətirdi”.
Deputat əlavə edib ki, yeni Konstitusiyanın qəbulu müstəqil,
hüquqi və dünyəvi dövlətin bərqərar olması istiqamətində Heydər
Əliyev ideyalarının həyata keçirilməsi üçün möhkəm hüquqi baza
yaratdı.
“Ulu Öndərin konstitusiya ilə bağlı irəli sürdüyü prinsiplər bu
gün real həyatda da öz təsdiqini tapır. Heydər Əliyev deyirdi: “Biz
elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul
etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik
prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas
Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra,
qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın
iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Deputat bildirib ki, təbii ki, Konstitusiyanın qəbulu
dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində
nüfuzunun daha da artması baxımından da tariximizin çox mühüm
ictimai-siyasi hadisəsi idi.
A.Həsənova vurğulayıb ki, bu ideyalar bu gün Azərbaycanın
qüdrətli, qalib və demokratik dövlət kimi inkişafının təməlini
təşkil edir.

