AİB Azərbaycanda KOB maliyyələşmə tendensiyaları barədə məlumat yayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda mikro, kiçik və orta biznes 2024-cü ildə bank
maliyyələşməsinə çıxış əldə etməyə davam edib.

Trend xəbər verir
ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asiyanın kiçik və orta
biznesinin monitorinqi 2025” (ASM 2025) hesabatında qeyd
olunur.

2024-cü ildə KOB-lara verilmiş bank kreditlərinin həcmi 6,5
milyard manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 2 faiz
çoxdur. Lakin artım tempi 2023-cü ildəki 12,1 faizlə müqayisədə
zəifləyib. Artımın zəifləməsi, o cümlədən KOB kreditləri üzrə faiz
dərəcələrinin 2023-cü ildəki 12,1 faizdən 2024-cü ildə 14,8 faizə
yüksəlməsi ilə izah olunur. KOB kreditlərinin ümumi bank
kreditləşməsindəki payı 2023-cü ildəki 27,5 faizdən 2024-cü ildə
23,6 faizə enib, onların ÜDM-dəki payı isə 5,1 faiz təşkil
edib.




Regionlar üzrə KOB kreditlərinin 62,5 faizi Bakıda qeydiyyatdan
keçmiş şirkətlərə verilib. Bununla belə, son beş il ərzində
paytaxtın ümumi kredit portfelindəki payı 2019-cu ildəki 78,5
faizdən azalıb. Bakıdan kənarda yerləşən yerli MKOS-lara verilən
kreditlərin payı isə 2019-cu ildəki 21,5 faizlə müqayisədə 2024-cü
ildə 37,5 faizə yüksəlib. Bununla yanaşı, KOB arasında problemli
kreditlərin (NPL) payı 2023-cü ildəki 3,7 faizdən 2024-cü ildə 4,7
faizə qədər artıb və bu göstərici ümumi bank kreditləri üzrə olan
2,4 faizlik səviyyəni keçib.

Biznes kreditləşməsində dollarsızlaşdırmanın təşviqi Azərbaycan
Mərkəzi Bankının prioritet istiqamətlərindən biri olaraq qalır. ABŞ
dolları ilə verilən KOB kreditlərinin payı 2024-cü ildə 2,7 faiz
bəndi azalaraq 16,0 faizə düşüb.

Hesabatda, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun
fəaliyyəti qeyd olunur. Fond 2024-cü ildə 183,6 milyon manat
məbləğində zəmanətli kreditlər təqdim edib ki, bu da 2023-cü illə
müqayisədə 33,6 faiz çoxdur. Fondun qaydalarına əsasən, zəmanətli
kreditin minimal məbləği 30 000 manatdır, bir borcalan üçün ümumi
kredit məbləği isə 5 milyon manatı keçə bilməz. KOB və digər
borcalanlar üçün fərdi kreditlər 10 milyon manatla
məhdudlaşdırılır, zəmanət məbləğləri isə bir borcalan üçün minimum
15 000 manatdan maksimum 3 milyon manata qədər dəyişir, qarşılıqlı
əlaqəli borcalan qrupları üçün isə bu məbləğ 6 milyon manata
qədərdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir