
Yeni layihələr hesabına 2030-cu il üçün qlobal mayeləşdirilmiş təbii qaz (LNG) təklifi 50% artacaq.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji Mənzərəsi – 2025” (World Energy Outlook – 2025, WEO-2025) hesabatına istinadən xəbər verir.
WEO-2025-də bütün ssenarilər yaxın perspektivdə dünya üzrə kifayət qədər neft və qaz ehtiyatlarının olduğunu göstərir. Neft bazarları bunu artıq əks etdirir: mövcud geosiyasi həssaslıq şəraitində neftin qiyməti bi barel üçün 60–65 ABŞ dolları səviyyəsində qalır.
“Eyni zamanda, təbii qaz üçün də bazar balanslarının yumşalması gözlənilir, çünki yeni LNG ixrac layihələri işə düşür”, – hesabatda qeyd olunur.
Yeni LNG layihələrinə dair son investisiya qərarları 2025-ci ildə sürətlə artıb və yaxın illərdə təbii qaz təklifinin artmasına töhfə verəcək. 2030-cu ilə qədər 300 milyard kubmetr yeni illik LNG ixrac gücünün fəaliyyətə başlaması gözlənilir ki, bu da mövcud qlobal LNG təklifinin 50% artmasına gətirib çıxaracaq. Yeni gücün təxminən yarısı ABŞ-da, əlavə 20%-i isə Qətərdə tikilir.
Hesabatda qeyd olunur ki, neft və qaz üçün qısamüddətli bazar balanslarının yumşalması özünəinam üçün səbəb deyil. Hər iki bazar geosiyasi risklərə həssasdır və daha sürətli tələbat artımı (zəif enerji keçid siyasətinə və ya aşağı qiymətlərə cavab olaraq) mövcud ehtiyatları tez tükəndirə bilər.

