
Bakı.trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənovun Bosniya və Herseqovinaya rəsmi səfəri davam
edir.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov
Avropa İttifaqının Bosniya və Hersoqovinadakı Qüvvələri
Komandanlığını və Türk kontingentini ziyarət edib.
Butmir hərbi bazasında keçirilən rəsmi qarşılanma mərasimindən
sonra müdafiə naziri Avropa İttifaqının Bosniya və Hersoqovinadakı
Qüvvələri komandanı general-mayor Florin-Marian Barbu ilə
görüşüb.
Görüşdə Komandanlığın fəaliyyəti ilə bağlı Azərbaycan nümayəndə
heyətinə ətraflı məlumat verilib, “Sülh Naminə Tərəfdaşlıq”
proqramı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində
Azərbaycanın müsbət əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb,
həmçinin maraq doğuran bir sıra digər məsələlər müzakirə
edilib.
Daha sonra Türk kontingentinin rəhbəri polkovnik Mustafa Çetin
Çelik ilə görüşən general-polkovnik Z.Həsənov Azərbaycandan
Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsinin noyabrın 11-də
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində hərbi
qulluqçuların şəhid olması ilə bağlı qardaş ölkənin nümayəndələrinə
başsağlığı verib.

