Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərimizdə bərqərar olmasının qürurverici təntənəsini yaşayır – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Bu gün Konstitusiyamızın qəbulunun 30 ili tamam olur. 1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan
Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas
inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş
şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət
orqanlarının demokratik qaydada formalaşdırılması, insan
şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli
müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə
təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər,
prinsiplər öz əksini tapıb. Ölkənin Əsas Qanununun milli
dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu
Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1 noyabr 1996-cı il
tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə
Konstitusiya Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin
bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın
sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın
çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə
söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün
möhkəm təməl yaratdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, 1918-1920-ci illərdə cəmi
23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas
Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın
konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə
təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın
19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin
yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan
Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul
olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər
Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq
edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi
ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər
Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası
qüvvəyə minib. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu
Konstitusiyası qəbul olunub. 1977-ci ildə SSRİ-nin yeni
Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni
Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin
layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış
edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə
aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən
çoxsaylı əlavə və dəyişikliklər edilib. Bu Konstitusiya 1995-ci
ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul
edilənədək qüvvədə olub.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də qəbul
edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə
tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti
cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə
anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi
mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad,
təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında bütün
sahələrdə yeni mərhələ başladı. Ümummilli Liderin yaratdığı möhkəm
təməlin nəticəsidir ki, bu gün Azərbaycan xalqı böyük qürur hissi
ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfərimizin
beşinci, milli Konstitusiyamızın qəbulunun 30-cu ildönümünü qeyd
edir. Son 22 ildə Ümummilli Liderin siyasi kursunun Prezident İlham
Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilməsi
Azərbaycana möhtəşəm uğurlar, Zəfərlər qazandırır. Ulu Öndərin
bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də
qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası Onun
Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən
biridir. Əsas Qanunumuz ölkəmizdə genişmiqyaslı qanunvericilik və
institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya
dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün
qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın
layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və
əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali
niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası
rolunu oynayır.

Milli Məclisin deputatı bildirib ki, Konstitusiyada Azərbaycanın
dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün
qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın
20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan
Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə
imkan verməmişdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması
və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi
Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə
çevrildi, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin
həllinə yönəldildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın
təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində tarixi
Qələbə və 2023-cü il sentyabrın 19-20 tarixlərində həyata keçirilən
uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü
və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının
hüquqi qüvvəsi bütün ərazilərimizdə bərqərar oldu. Zəfərimiz,
suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında geniş imkanlar
açır. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi
bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində
Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam
bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə
Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri, keçmiş
məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və sair kimi mühüm
addımlar suveren dövlət anlayışının real təcəssümüdür.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci
ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın
dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və
azadlıqlarının təmin olunmasına dair öhdəlikləri bir daha diqqətə
çatdırmaq məqsədi daşıyır. Bu qərar, həmçinin suverenliyimizin və
hüquqi dəyərlərimizin təbliği baxımından mühüm bir addımdır. Hər
dövrün çağırışları, yenilikləri Əsas Qanunumuzda, həmçinin hər bir
sahənin inkişaşına xidmət edən Qanunların təkmilləşdirilməsində
özünün aydın ifadəsini tapır. Azərbaycan son beş ilin yeni
reallıqları fonunda Konstitusiyanın tələblərinə və öz suveren
hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru
inamla irəliləyir.

Milli Məclisin deputatı bildirib ki, bu günədək Konstitusiyaya
bir neçə dəfə əlavə və dəyişikliklərin edilməsi özündə əsas
məqamları ehtiva edir. Bu dəyişikliklər Azərbaycan dövlətinin
sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların
hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial
dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da
genişlənməsindən irəli gəlirdi. 2016-cı il sentyabrın 26-da
keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə dəyişikliklər
edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik
müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə
hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin
təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha
səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində
dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.
Son dəyişikliyə əsasən idarəçilik sistemində yeni təsisat-
vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu
yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional
institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli
oldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, möhkəm təmələ əsaslanan siyasət
hər bir bayramı qürurverici hesabatla qeyd etməyə yol açır. Müasir
müstəqil, qalib, yeni Azərbaycan postmünaqişə dövrünün əsas
çağırışlarını yüksək səviyyədə yerinə yetirərək çoxəsrlik tarixinin
qüruruverici səhifələrini daha da zənginləşdirir, demokratik,
hüquqi, sivil dövlət quruculuğu yolunda inamla addımlayır. Hər
zaman qeyd edildiyi kimi, güclü Azərbaycan bütün dövrlərin əsas
hədəfidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir