
Bakı. Trend:
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya
bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan
zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay
azaldılacaq.
Trend xəbər
verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə
olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlarında
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin
müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü
daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi
xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.
Təklif olunan dəyişikliyə əsasən, ehtiyatdan müddətli həqiqi
hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi
xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət
bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə
keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil
olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3
ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni
bağlaşma bağlanılır) olacaq.

