
Bakı. Trend:
2024-cü ildə 15361 nəfər işsiz və işaxtaran peşə hazırlığına və
əlavə təhsilə cəlb olunub, cari ilin sonuna 160000 nəfərin, növbəti
ildə isə 17500 nəfərin peşə hazırlığına və əlavə təhsilə cəlb
olunması nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Hesablama
Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcə layihəsinə
verdiyi rəydə bildirilib.
Məlumata əsasən, bu şəxslərdən müvafiq olaraq 12629 nəfərinə
təqaüd ödənilib, 10476 və 11374 nəfərinə isə təqaüd ödənişlərinin
həyata keçiriləcəyi gözlənilir.
Bildirilib ki, peşə təhsili üzrə bir nəfərə düşən təhsil xərci
ödənilən peşə hazırlığı kurslarının təşkili, təqaüd və nəqliyyat
xərci ilə birlikdə 2024-cü ildə orta hesabla 1078 manat olub,
2025-ci ilin sonuna 869 manat, növbəti ildə isə 865 manat olacağı
gözlənilir. Vurğulanıb ki, təqdim edilmiş məlumatlara əsasən peşə
hazırlığına cəlb edilən şəxslərin 2024-cü ildə 5564 nəfəri və ya
36,2%-i işlə təmin edilib. 2025-ci ilin I yarısında isə peşə
hazırlığına cəlb edilən 6080 nəfərdən 3833 nəfəri peşə hazırlığını
bitirib, 1836 nəfəri və ya 30,2%-i işlə təmin edilib.
“Əvvəlki illər üzrə də nəticə göstəricilərini diqqətə alsaq, bu
rəqəmlərə əsaslanaraq tədris olunan peşə istiqamətlərinin əmək
bazarı ilə uyğunluğunun artırılması üçün əlavə tədbirlərə ehtiyac
olduğunun, bu baxımdan yaxın və orta müddətli ehtiyacların daha
dəqiq müəyyənləşdirilməsi üçün peşə istiqamətlərinin müasir
analitik yanaşmalar əsasında yenilənməsinin zərurəliyi qeyd oluna
bilər”, – məlumatda qeyd edilib.

