
Bakı. Trend:
Noyabrın 12-də Xankəndi şəhərində “Gənc Peşəkar Velosipedçilər
Klubu” İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağa
veloyürüş – Zəfərin izi ilə” layihəsinin final mərhələsi baş
tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, yarışın əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin
təbliği, azad olunmuş ərazilərdə idmanın inkişafına dəstək olmaq və
Qarabağda sosial-iqtisadi dirçəlişə töhfə verməkdir.
Final mərhələsi Xankəndidəki Zəfər meydanında təşkil olunmuş
veloyürüş iştirakçılarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Elçin Yusubov qarşılayıb.
Yarış iştirakçıları arasında Azərbaycan Respublikası
Təhlükəsizlik Şurası katibinin müavini, milli qəhrəman,
general-polkovnik Mədəd Quliyev də olub.
Tədbirdə vurğulanıb ki, “Qarabağa veloyürüş Zəfərin izi ilə”
layihəsi təkcə idman yarışı deyil, həm də Azərbaycanın dövlətçilik
ənənələrinin, milli həmrəyliyin və Zəfərin rəmzidir.
“Gənc Peşəkar Velosipedçilər Klubu”nun nümayəndələri bildiriblər
ki, bu kimi tədbirlər gələcəkdə də davam etdiriləcək və
Azərbaycanın müxtəlif bölgələrində velosiped idmanının inkişafına,
eləcə də gənclərin sağlam həyata yönləndirilməsinə xidmət
edəcək.
Qeyd edək ki, sonda fəal veloyürüş iştirakçılarına
təşəkkürnamələr təqdim olunub.

