
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda kiçik və orta bizneslərin (KOB) maliyyə resurslarına çıxışını artırmaq və ixrac imkanlarını genişləndirmək məqsədilə bir neçə maliyyə proqramı həyata keçirir.
“APA-Economics” xəbər verir ki, bunu EBRD-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Elmin İbrahimov Bakıda keçirilən “Asia SME Monitor 2025” seminarında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, EBRD yerli banklarla əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Proqramı (Trade Facilitation Programme) həyata keçirir. Bu proqram vasitəsilə 4 yerli bankla müqavilə imzalanıb və həmin banklar KOB-lara kredit xətləri, zəmanət məktubları və ticarət maliyyələşdirmə alətləri təqdim edə bilirlər.
Bundan əlavə, EBRD KOB maliyyələşdirmə xətləri (SME financing lines) və birbaşa kreditlər vasitəsilə sahibkarlara maliyyə dəstəyi göstərir. Bu maliyyə xətləri çox vaxt Avropa İttifaqı (Aİ) kimi donor təşkilatların qrantları ilə birləşdirilir və bu vəsaitlər enerji səmərəliliyi və resurs qənaətli texnologiyaların tətbiqinə yönəldilir.
E.İbrahimov bildirib ki, EBRD-nin məsləhət xidmətləri (Advisory Services) də KOB-lara yönəlib. Bank yerli ekspertlər vasitəsilə şirkətlərə marketinq, keyfiyyət sertifikatlaşdırılması (ISO), maliyyə hesabatlarının IFRS standartlarına uyğunlaşdırılması və işçi heyətinin təlimi kimi sahələrdə dəstək verir.
Elmin İbrahimov bildirib ki, buna baxmayaraq, KOB-lar üçün maliyyələşmə boşluğu (financing gap) hələ də qalır. Yerli banklar bu şirkətləri daha riskli hesab etdiyindən girov tələbləri və faiz dərəcələri yüksək olur. Eyni zamanda, bilik və sertifikatlaşdırma çatışmazlığı da əsas məhdudiyyətlər sırasındadır.
EBRD rəsmisi vurğulayıb ki, bank KOB-ların beynəlxalq sertifikatlar əldə etməsi, rəqabət qabiliyyətini və ixrac potensialını artırması üçün maliyyə və texniki dəstək verməyə davam edir.

