Bakıda “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 12-də “Gülüstan” sarayında Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının dəstəyi və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu
ildönümünə həsr olunan “Konstitusiya və qanunun aliliyi müasir
hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend xəbər
verir ki, konfransdan öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli
Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra
iştirakçılar Zəfər parkında olub, buradakı abidə önünə gül
dəstələri qoyublar.

Konfransın açılışında Konstitusiyanın 30 illik yubileyinə həsr
olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin açılışında Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini
səsləndirib.

Daha sonra F.Abdullayev açılış nitqi ilə çıxış edərək konfrans
iştirakçılarının adından dövlətimizin başçısı İlham Əliyevə dərin
məzmunlu müraciətinə görə minnətdarlığını bildirib. Sədr xarici
ölkələrdən Bakıya gələn qonaqları, eləcə də dövlət orqanlarının,
ictimai təşkilatların rəsmilərini salamlayaraq tədbir
iştirakçılarını 12 noyabr – Azərbaycan Respublikasının
Konstitusiyası Günü, xüsusilə dövlətimizin Əsas Qanununun 30 illik
yubileyi münasibətilə təbrik edib.

F.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il 28
dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya
və Suverenlik İli” elan olunması müstəqil dövlətçiliyimizin əsas
sütunu olan Konstitusiyamızın ali dəyərini bir daha vurğulayır.

Diqqətə çatdırılıb ki, dövlətin qanunvericilik sisteminin
bünövrəsini təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik
olan Konstitusiya ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin
təminatçısı kimi çıxış edir.

F.Abdullayev qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində
müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyevin xalqımız
qarşısında ən mühüm xidmətlərindən biri ölkənin Əsas Qanununun
qəbulu ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1995-ci ildə müstəqil
Azərbaycanın ilk Konstitusiyasının layihəsi hazırlanaraq noyabrın
12-də keçirilən ümumxalq səsverməsi – referendum yolu ilə qəbul
olunub. Bu tarixi hadisə ilə respublikamızın demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğunun mühüm mərhələsi başlayıb.

Vurğulanıb ki, geridə qalan üç onillik ərzində Azərbaycan
Respublikasının Konstitusiyası dövlət hakimiyyəti sistemini
müəyyənləşdirən, siyasi strategiyaları və normativ əsasları
tənzimləyən, həmçinin vətəndaşların hüquq və azadlıqlarını təsbit
edən əsas hüquqi sənədə çevrilib. Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilmiş prinsiplər keçmişlə gələcəyin
harmonik ifadəsidir.

“Yubileyini qeyd etdiyimiz Konstitusiya hər birimizin
sərvətidir. Zaman ötür, nəsillər dəyişir, Konstitusiya isə alidir,
dayanıqlıdır. Zamanla Əsas Qanunda müəyyən dəyişikliklər edilir,
amma Konstitusiya ilə təsbit edilmiş əsas dəyərlər, prinsiplər,
Konstitusiyanın fəlsəfəsi dəyişmir. Bizim vəzifəmiz bu dəyərlərdən
ruhlanaraq qanunvericiliyi yeni çağırışlara cavab verə biləcək
şəkildə inkişaf etdirməkdir” – deyə F.Abdullayev vurğulayıb.

Məlumat verilib ki, 1995-ci il Konstitusiyası müstəqilliyimizin
hüquqi əsasını qoymuşdursa, 2020-ci ildə Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun
qazandığı Qələbə nəticəsində Konstitusiyamızın ali qüvvəsi bütün
ərazimizdə bərqərar edilub. Bu tarixi Zəfərlə Konstitusiyanın 11-ci
maddəsində təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi
vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi reallığa çevrilib,
beynəlxalq hüquq normaları və təməl prinsiplərin aliliyi təmin
edilib. Eyni zamanda, Konstitusiyanın 30 illiyi və böyük
Qələbəmizin 5 illiyi təkcə bir tarix deyil, həm də məsuliyyət
çağırışıdır. Qarşımızda duran vəzifə – Əsas Qanunun dəyərlərini
qorumaq, həmin dəyərləri gələcək nəsillərə ötürməkdir.

Sədr F.Abdullayev qeyd edib ki, bu il “Azərbaycan Respublikası
Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının
yubiley medalı təsis edilib. Bu medal dövlətimizin konstitusiya
dəyərlərinə sadiqliyinin və müstəqil Azərbaycanın inkişaf yolunda
qazandığı nailiyyətlərin rəmzi ifadəsidir.

“Konstitusiya Məhkəməsi də bu istiqamətdə üzərinə düşən
öhdəlikləri layiqincə yerinə yetirəcək, qanunvericiliyin müasir
sosial-siyasi reallıq baxımından Konstitusiyanın hərfi mənasına və
ruhuna uyğun şəkildə inkişafına töhfəsini verəcək. Əminəm ki,
tədbir zamanı bizi olduqca maraqlı, faydalı çıxış və müzakirələr
gözləyir”,- deyə Konstitusiya Məhkəməsinin sədri diqqətə
çatdırıb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası, demokratik dövlət
kimi formalaşması və inkişafı görkəmli ictimai-siyasi və dövlət
xadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və tarixi
xidmətləri ilə bağlı olduğunu deyən Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib: “Məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında
bəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edən
hüquqi və dünyəvi dövlətin qurulmasıdır.

Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı
inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının
ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyamızda insan hüquq
və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi
təsbit olunması insan hüquqlarına verilən ən yüksək dəyərin
təzahürüdür. Təsadüfi deyildir ki, Ölkəmizin Ali Qanununun ən böyük
fəsli məhz insan hüquq və azadlıqlarına həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı
uğurlu daxili və xarici siyasət, habelə həyata keçirilən ardıcıl
islahatlar və qəbul edilən mühüm qərarlar müstəqil dövlətçilik
tariximizin yeni mərhələsinin əsasını qoydu. Konstitusion
dəyişikliklər və normativ hüquqi bazanın təkmilləşdirilməsi qanunun
aliliyinin təmin olunmasına, demokratik idarəetmə və hüquqi dövlət
prinsiplərinin inkişafına əlverişli şərait yaratdı.

Xüsusən də, insan hüquqları sahəsində davam etdirilən islahatlar
bu sahəyə verilən yüksək dəyəri, beynəlxalq öhdəliklərə sadiqliyi
nümayiş etdirməklə yanaşı, beynəlxalq tərəfdaşlıq üçün etibarlı və
dayanıqlı mühit formalaşdırdı. Təsadüfi deyildir ki, ölkəmiz son
illər insan hüquqları sahəsində irimiqyaslı və nüfuzlu beynəlxalq
tədbirlərə ev sahibliyi etməkdədir.

Ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən həmin hüquqi
islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təmin edilməsi
üzrə dövlətin ali məqsədinin həyata keçirilməsində xüsusi rolu olan
Ombudsmanın mandatının beynəlxalq hüquq normalarına tam
uyğunlaşdırılması ilə bağlı qanunvericiliyə əhəmiyyətli
dəyişikliklər edildi, yeni fəaliyyət istiqamətləri müəyyən
olundu”.




Asiya Ombudsman Assosiasiyasının sədri, Pakistan Federal
Ombudsmanı Ejaz Ahmad Qureşi Pakistanın Azərbaycanın müstəqilliyini
1991-ci ildə tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladıb:
“1992-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər
qurulub. Bu gün Azərbaycan və Pakistan arasındakı əlaqələr
qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu
münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın göstərdiyi humanitar dəstək, diqqət və qayğı xüsusi qeyd
olunmalıdır”.

Pakistan Federal Ombudsmanı qeyd edib ki, Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının
Konstitusiyası ölkənin suverenliyini, bərabərliyini və hüquqi
dövlət prinsiplərini özündə ehtiva edir. Bu ali sənəd insan hüquq
və azadlıqlarını təmin edir, qanunun aliliyini əsas tutaraq
cəmiyyətin demokratik inkişafına istiqamət verir.

“İnsan hüquqlarının müdafiəsi baxımından insan hüquqları
müvəkkili (ombudsman) institutlarının yaradılması da böyük
əhəmiyyət kəsb edir. Bu institutlar vətəndaşların hüquq və
azadlıqlarının qorunmasında mühüm rol oynayır”.

Ejaz Ahmad Qureşi çıxışının sonunda Vətən müharibəsində
qazanılmış Zəfərin beşinci ildönümü və Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə
Azərbaycan xalqını təbrik edib.

Avropa Hüquq İnstitutunun sədri Teresa Rodriguez de las Heras
Ballell gələcək üçün öz hüquqi bazanın hazırlanması zamanı hibrid
cəmiyyətlərin gələcəyinin də nəzərə alınmasının vacibliyini
vurğulayıb. Onun sözlərinə görə, insan-süni intellekt-hibrid
cəmiyyətləri hazırlanmalıdır: “Biz öz hüquqi bazamızı bu
çağırışlara necə hazır edə bilərik? Burada cəmiyyətlərin və
iqtisadiyyatların hibridləşməsi prosesindən söhbət gedir.

Konstitusiya təbəqəsində həm dövlət qulluqçuları həm də özəl
sektor tərəfindən süni intellektin daha geniş istifadəsinə yol
açmalıyıq. Birincisi, biz tamamilə insan hüquqları, vətəndaş
azadlıqlarının təmin edilməsini davam etdirməliyik. Lakin süni
intellekt bunlara əməl etsə də bu, bəs eləmir. Ola bilər ki,
müəyyən qadağa və məhdudiyyətlər olsun və həm dövlət həm də özəl
sektor tərəfindən süni intellektin istifadəsində tətbiq edilsin.
Onlar süni intellektdən istifadə etdikdə müəyyən qadağa və
məhdudlaşmalara yol açmalıdırlar. Bunu biz Avropa İttifaqında süni
intellekt haqqında Aktın qəbul olunması zamanı etdik. Süni
intellektlə bağlı qanuna yenidən baxmalı, hansı model hüquqları
yaratmalı olduğumuz haqda fikirləşməliyik. Süni intellekt yeni
risklər yaradır. Ona görə də bu sahəyə öhdəliklər ilə bağlı olan
qaydaların da tətbiqi vacibdir. Birlikdə işləməli, yeni çağırışları
nəzərə alaraq qanunvericilik bazasının yenilənməsi haqqında
düşünməli və gələcəyin hibrid cəmiyyətlərinə hazır olmalıyıq.
Gələcək cəmiyyətlərdə həm süni intellekt, həm də insanlar birlikdə
yaşayacaqlar. Ona görə də elə etməliyik ki, hibrid cəmiyyətlər
demokratiya, qanunun aliliyi və insan hüquqlarına əsaslansın.
Əminəm ki, birlikdə buna nail olacağıq”.

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti
şöbəsinin müdiri Gündüz Kərimov isə öz çıxşında Konstitusiyanın
hüquqi dövlətdə və müasir cəmiyyətdəki mühüm rolunu vurğulayıb:
“Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan
Respublikasının Konstitusiyası olduqca çətin və məsuliyyətli bir
dövrdə qəbul edilib. Həmin illərdə dövlətimiz öz müstəqilliyi və
suverenliyi uğrunda mübarizə aparırdı.

Bütün bunlara baxmayaraq Konstitusiyamız milli dəyərləri,
prinsipləri və dövlətçiliyin əsas standartlarını özündə ehtiva
edir. Bu ali sənəd həmçinin, ümumbəşəri dəyərlərə sadiqliyi ifadə
edir və dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq istəyini əks etdirir.

Faktiki olaraq, Qarabağ torpaqları işğal altında olarkən,
Konstitusiyanın bəzi müddəalarının tam şəkildə həyata keçirilməsi
müəyyən məhdudiyyətlərlə üzləşmişdi. Lakin Prezident İlham Əliyevin
rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bu
müddəalar tam bərpa olunub. Azərbaycan bayrağı işğaldan azad
edilmiş torpaqlarımızda ucaldılıb, dövlət sərhədlərimiz bərpa
edilib. Bu, Konstitusiyanın müddəalarının real şəkildə həyata
keçirilməsi və ona yeni nəfəs verilməsi deməkdir”,-deyə G.Kərimov
bildirib.

O əlavə edib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş
həmvətənlərimiz artıq öz torpaqlarına qayıdırlar. “Bu, həm
Azərbaycan xalqının ləyaqətinin qorunması, həm də Konstitusiyanın
əsas prinsiplərinin gerçək həyatda təsdiqi deməkdir. Məhz Şanlı
Zəfər nəticəsində Konstitusiyamızın bütün müddəaları tam şəkildə
bərpa olunub”.

Tədbir Türkiyənin ədliyyə nazirinin müşaviri Muharrem Kılıçın
moderatorluğu ilə “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal
trendlər və çağırışlar” mövzusunda panel iclası ilə davam edib.

İclasda Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz
Nadaraia, Ankara Universitetinin professoru Cavid Abdullazadə,
Türkiyənin Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu,
Özbəkistanın Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Feruza Eşmatova, Qazaxıstanın İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Artur Lastayev çıxış ediblər.

Daha sonra tədbir müzakirələrlə davam edib.

Prezident Administrasiyasının Qanunvericiliyin inkişafı
sektorunun müdiri Araz Poladovun moderatorluğu ilə keçən
“Konstitusion prinsiplər: Qanunun aliliyinə aparan yol” mövzusunda
ikinci panel iclasda Qırğızıstan Konstitusiya Məhkəməsinin sədri
Emil Oskonbayev, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC)
sədri, Moldovanın Uşaq Hüquqları üzrə Xalq Vəkili Vasile Koroy,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı
direktoru Samir Mahmudov, Bəhreyn Krallığının Müstəqil Ombudsmanı
Ghada Hameed Habib, Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) Levan
İoseliani məruzə ilə çıxış ediblər.

İslam Əməkdaşlıq Təşkilatı Ombudsman Assosiasiyasının Baş
Katibi, Pakistan Vergi Ombudsmanının hüquq müşaviri Almas Ali
Jovindahın moderatorluğu ilə keçən “Qlobal hüquqi transformasiyalar
dövründə konstitusionalizm və dövlət suverenliyi” mövzusunda üçüncü
panel iclasda Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fərhad
Tutayuk, Türkiyə Prezident Administrasiyasının Hüquq Siyasəti
Şurasının üzvü Vedat Ali Tektaş, Qırğızıstanın Ombudsmanı Jamilia
Jamanbaeva, Taylandın Konstitusiya Məhkəməsinin hakimi Noppadon
Teppitak, Milli Məclis Aparatının rəhbəri, HEQT Mərkəzinin Müşahidə
Şurasının üzvü Fərid Hacıyev məruzələrlə çıxış ediblər.

Çıxışçılar, o cümlədən qonaqlar tədbir iştirakçılarına
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu
yubileyi münasibətilə təbriklərini çatdırıblar.

Konfransın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev yekun nitqi ilə çıxış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir