
Bakı. Trend:
Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Mərkəzi
Asiya Qadın Liderlərinin dialoqu çərçivəsində “Qadın hüquqlarına
qlobal və regional yanaşmalar” mövzusunda tədbir keçirilir.
Trend xəbər
verir ki, Milli Məclisin deputatı Əminə Ağazadə tədbirdə
“Qadınların innovasiyalarda, KİV və ətraf mühit siyasətində rolu:
imkanlar və maneələr” və “Qadın zorakılığına qarşı mübarizə və
onların hüquqi müdafiəsi” mövzularında çıxış edib.
Çıxışında milllət vəkili Azərbaycan müstəqilliyinin ilk
illərindən etibarən bərabərlik, sosial ədalət və qadın hüquqlarının
müdafiəsi prinsiplərinə əsaslanan dövlət siyasəti həyata
keçirildiyini, 1995-ci ildən Azərbaycan Birləşmiş Millətlər
Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının
ləğvi haqqında Konvensiyasına (CEDAW) qoşulduğunu, habelə Pekin
Fəaliyyət Platformasını və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini,
xüsusilə 5-ci məqsədi – gender bərabərliyinin təmin edilməsini
dəstəklədiyini vurğulamışdır.
“Ölkəmizin fəxr etdiyi zəngin bir tarixi irsi var: hələ 1918-ci
ildə azərbaycanlı qadınlar müsəlman dünyasında ilk dəfə seçki
hüququ qazanmışlar. Bu tarixi addım müasir Azərbaycanın siyasi,
iqtisadi və ictimai həyatında qadınların fəal iştirakına möhkəm
zəmin yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə
qadın liderliyinin inkişafı, təhsilin, sosial müdafiənin və
sahibkarlığın dəstəklənməsi istiqamətində ardıcıl siyasət həyata
keçirilir”.
Qadın faktoru və innovasiyalar mövzusuna toxunan Əminə Ağazadə
bildirib ki, “Azərbaycan innovasiya mühitinin, rəqəmsal
iqtisadiyyatın və STEM (elm, texnologiya, mühəndislik və
riyaziyyat) istiqamətlərinin inkişafına böyük önəm verir.
2022–2023-cü tədris ilində STEM ixtisasları üzrə təhsil alan
tələbələrin sayı 100 305 nəfər olmuşdur ki, onların 46 782-si (yəni
47 faizi) qızlardır. Tədqiqatlara görə, qadınlar Azərbaycanda STEM
ixtisaslarının məzunlarının təxminən 40 faizini təşkil edir ki, bu
da qlobal orta göstəricidən yüksəkdir”.
Qadınların media imkanlarının genişləndirilməsi məsələsinə
toxunan Əminə Ağazadə qeyd etmişdir ki, “araşdırmalara əsasən,
qadınlar Azərbaycanın milli çap və onlayn media orqanlarında
əməkdaşların təxminən 40–45 faizini təşkil edir. Regionlarda isə bu
göstərici 30–35 faiz civarındadır”.
“Qadın zorakılığına qarşı mübarizə və hüquqi müadfiə” mövzusunda
çıxış edən millət vəkili Azərbaycanda bu sahədə fəaliyyət göstərən
dövlət və ictimai institutlardan ibarət geniş sistem
formalaşdığını, bu istiqamətdə əsas koordinasiya rolunu Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirdiyini qeyd
etmişdir. Deputat qeyd etmişdir ki, komitənin dəstəyi ilə 11
regional ailə, qadın və uşaq dəstək mərkəzi yaradılmışdır. Bu
mərkəzlərdə zərərçəkmiş qadınlar psixoloji yardım, hüquqi məsləhət,
sosial dəstək alır və zərurət yarandıqda müvəqqəti sığınacaqla
təmin olunurlar.
Azərbaycan beynəlxalq təşkilatlarla birgə layihələr həyata
keçirərək zorakılığın qarşısının alınması və bərabərliyin təşviqi
sahəsində fəal əməkdaşlıq edir.
Hər il Azərbaycanda “Gender zorakılığına qarşı 16 günlük fəallıq
kampaniyası” keçirilir. Bu təşəbbüs dövlət orqanlarını, parlamenti,
KİV-i və QHT-ləri birləşdirərək qadınlara qarşı zorakılığın aradan
qaldırılmasına yönəlmiş fəaliyyətləri gücləndirir.
Bu sahədə Azərbaycan Parlamentinin rolunu qiymətləndirən deputat
Əminə Ağazadə qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Milli
Məclisi bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi
üzərində daim işləyir. Yaxın illərdə qəbul edilmiş dəyişikliklər
zorakılıq qurbanlarının müdafiəsinin genişləndirilməsini, pulsuz
hüquqi yardım sisteminin inkişafını və zorakılıq halları ilə bağlı
məlumat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur. Parlament
Dövlət Komitəsi, Ombudsman və vətəndaş cəmiyyəti ilə birgə
qanunvericiliyin icrasına nəzarət edir”.
Qadınlara qarşı zorakılıqla mübarizə sadəcə gender siyasətinin
bir hissəsi deyil — bu, cəmiyyətin yetkinliyinin, insan həyatına və
əsas hüquqlara göstərilən hörmətin göstəricisidir.
Azərbaycan bərabərlik və ədalət prinsiplərinə sadiq qalaraq
beynəlxalq tərəfdaşlar, parlamentlər və vətəndaş cəmiyyəti ilə
birgə səyləri davam etdirəcək ki, hər bir qadın ölkəmizdə və bütün
dünyada qanunun müdafiəsini və gələcəyə inamı hiss etsin.

