
Bakı. Trend:
Azərbaycanın Zəfər Günü münasibətilə Böyük Britaniyanın paytaxtı
Londonda “Zəfər Salnaməsi” adlı tədbir keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Bildirilir ki, tədbir Britaniya Azərbaycanlıları
Assosiasiyasının (BAA) təşkilatçılığı və Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
ardınca qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Diaspor fəalı və “Bülbül Azərbaycan dili” kitabının müəllifi
Emiliya Cəbrayılova açılış nitqində bu tədbirin yalnız tarixi bir
anı xatırlamaq deyil, həmçinin, xalqımızın qürur, qəhrəmanlıq və
birliyini təntənə ilə qeyd etmək məqsədi daşıdığını bildirib.
Tədbirdə Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri
Hafiz Baxşəliyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin
Süleymanov, Türkiyənin Böyük Britaniyadakı səfiri Koray Ertaş,
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov,
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva çıxış
edib.
Çıxışlarda xalqımızın əzmkarlığı, həmrəyliyi və Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində
Vətən müharibəsində tarixi Qələbənin qazanıldığı vurğulanıb.
Bədii hissədə tanınmış ifaçılar – Rasim Fərziyev və ansamblı,
Emiliya Yaqubova, Fərhad Amiri Azərbaycanın xalq mahnılarını və
bəstəkar musiqilərini ifa ediblər.
Bununla yanaşı, Eldar Əzizovun müəllifliyi ilə hazırlanan “The
History of the Patriotic War: Personality Factor” ( “Vətən
müharibəsinin tarixi: şəxsiyyət faktoru”) adlı kitabın təqdimatı
keçirilib. Nəşrdə 44 günlük Vətən müharibəsinin xronikası,
şəhidlərin qəhrəmanlığı və Qələbənin siyasi-hərbi aspektləri geniş
şəkildə işıqlandırılıb.
Bu tədbir Azərbaycan diasporunun birlik, qürur və milli
həmrəylik ruhunu bir daha nümayiş etdirib.

