
Bakı. Trend:
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, o
cümlədən övladlarına göstərilən mənəvi və sosial qayğının, həmçinin
Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət”
prinsipi əsasında möhkəmlənməsinin bariz nümunəsi olan növbəti
sosial-humanitar layihə gerçəkləşdirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Bildirilir ki, layihə Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək
Fondunun dəstəyi, “YAŞAT” Fondunun, İstanbul şəhərinin
Qaziosmanpaşa Kaymakamlığının və Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının (TADEF) tərəfdaşlığı ilə baş tutub.
Vətən müharibəsində şanlı Zəfərin 5 illiyi münasibətilə şəhid və
qazi övladlarının İstanbul şəhərinə səfəri təşkil edilib.
Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə şəhid övladları
arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsi,
onların sosial inteqrasiyasına və mənəvi inkişafına dəstək
göstərilməsi, eyni zamanda iki qardaş ölkə arasında ortaq tarixi,
milli-mənəvi dəyərlərin təbliği və qorunmasıdır.
Səfər çərçivəsində qonaqlar Türkiyə Respublikasının qurucusu
Mustafa Kamal Atatürkün Anım mərasimində, eləcə də şəhid Anıl Kaan
Aybek adına məktəbdə keçirilən xatirə tədbirində iştirak edib. Daha
sonra Gaziosmanpaşa Kaymakamlığını ziyarət edərək kaymakam İskender
Yönden ilə görüşüblər. Görüşdə qardaşlıq münasibətlərinin daha da
inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
İştirakçılar 5 günlük səfər çərçivəsində İstanbulun tarixi
görməli yerlərini, muzeyləri və abidələri ziyarət edəcək,
Azərbaycan və Türkiyə gəncləri arasında mədəniyyətlərarası dialoqun
və dostluğun möhkəmlənməsinə yönəlmiş görüşlər keçirəcəklər.

