Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib

Baş səhifə

Bakı. Trend:

Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının
Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr edilən
təntənəli tədbir təşkil olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.

Bildirilib ki, tədbirdən öncə xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə
gül dəstələri düzülüb.

Tədbirin açılışında müasir Azərbaycan dövlətinin qurucusu və
memarı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canlarını qurban vermiş şəhidlərimizin, həmçinin bir gün
öncə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin
qəzaya uğraması nəticəsində şəhid olmuş hərbçilərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni
səsləndirilib.




Əvvəlcə Azərbaycan Respublikası Konstitusiyasının qəbul
olunmasının 30 illiyinə həsr olunmuş sənədli film nümayiş
etdirilib.

Çıxış edən iştirakçılar bildiriblər ki, müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun
inkişafına güclü təkan verib. Azərbaycanın müasir tarixində
dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi məhz
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin
cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf
yoluna çıxarmaqla yanaşı, qanunun aliliyini təmin edən, hüquqi,
dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın
hazırlanmasına və qəbuluna şərait yaradıb. 1995-ci ildə qəbul
olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müasir
dövlətçiliyimizin hüquqi əsaslarını təşkil edən, ölkənin
müstəqilliyini hüquqi cəhətdən təsdiqləyən fundamental sənəd kimi
tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə
hazırlanmış bu sənədin hər bir maddəsi Ümummilli Liderin
Azərbaycanın gələcəyi ilə bağlı strateji baxışlarının təcəssümüdür.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti
nəticəsində Konstitusiyada təsbit olunan bütün müddəaların təmin
olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham
Əliyevin 2003-cü ildə ali vəzifəyə seçildiyi dövrdən başlayaraq
qarşısına qoyduğu strateji hədəf Ali Qanunumuzun müddəalarının
bütün ölkə ərazisində təmininə yönəlib, Vətən müharibəsi və ardınca
antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazisində suverenliyini
tam bərpa edib.

Sonda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə statistika
işinin təşkilində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş
komitə əməkdaşlarına orden və medallar təqdim olunub. Təltif edilən
əməkdaşlar dövlətimizin başçısına minnətdarlıqlarını
bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir