
Bakı. Trend:
Bu ilin sentyabrında Avropa İttifaqına (Aİ) üzv ölkələr
tərəfindən Aİ-yə üzv olmayan 79 min 205 şəxsə müvəqqəti müdafiə
statusu verilib. Bu göstərici avqust ayı ilə müqayisədə 49 faiz çox
olmaqla yanaşı, 2023-cü ilin avqustundan bəri ən yüksək aylıq
nəticədir. Artım bu il avqustun sonunda Ukrayna hökumətinin 18-22
yaşlı kişilərin ölkəni maneəsiz tərk etməsinə icazə verən fərmanı
qəbul etməsindən sonra müşahidə olunub.
Trend xəbər verir ki, bu
barədə məlumat Aİ-nin Statistika İdarəsinin – Eurostatın
hesabatında əksini tapıb. Məlumatda bildirilib ki, sentyabrın
sonuna, Ukraynadan köç etmiş ümumilikdə 4,3 milyon Aİ-yə üzv
olmayan şəxs Avropa İttifaqında müvəqqəti müdafiə statusuna malik
olub. Bu, avqust ayının sonu ilə müqayisədə 49 min 555 nəfər (1,2
faiz) artım deməkdir.
Ukraynadan gələn müvəqqəti müdafiə statusuna malik şəxslərin ən
çox yerləşdiyi ölkələr Almaniya (1 milyon 218,1 min nəfər, Aİ üzrə
ümumi sayın 28,3 faizi), Polşa (1 milyon 8 min 885 nəfər, 23,5
faiz) və Çexiya (389 min 310 nəfər, 9 faiz) olub. Aİ-də müvəqqəti
müdafiə statusuna malik şəxslərin 98,4 faizini Ukrayna vətəndaşları
təşkil edib.

