
Bakı. Trend:
Azərbaycanda elektron ticarətdə süni intellektin tətbiqi üçün
bütün lazımı şərait yaradılıb.
Bunu Trend-ə özəl
müsahibəsində “Visa”nın baş vitse-prezidenti və Mərkəzi və Şərqi
Avropa, Yaxın Şərq və Afrika üzrə məhsullar və həllər bölməsinin
rəhbəri Qodfri Sallivan bildirib.
“Bu gün dünya üzrə yüz milyonlarla insan “ChatGPT”, “Perplexity”
və ya “Grok” kimi süni intellekt alətlərindən istifadə edir. Son
aparılan araşdırmalarımız göstərib ki, istifadəçilərin 60 faizi
bunlardan mallar və xidmətləri axtarmaq üçün yararlanır – istər
səyahət, istər geyim, istərsə də hədiyyə olsun. Ancaq hələ ki, belə
sorğular ödənişə çevrilmir”, – deyə o qeyd edib.
Sallivan vurğulayıb ki, ticarətin növbəti inkişaf mərhələsi süni
intellekt agentlərinə ödəniş alətlərinin inteqrasiyası olacaq.
Məsələn, istifadəçi ChatGPT-dən Dubaya və ya Bakıya səyahət
rezervasiyası etməsini istəyə bilər, süni intellekt agenti isə
uçuş, otel, restoranları seçəcək və istifadəçinin razılığı ilə
bütün sifarişi həyata keçirib ödənişi tamamlayacaq. Bu,
əməliyyatlara yanaşmanı tamamilə dəyişəcək.
“Hər onillikdə oxşar irəliləyişləri görürük: əvvəl elektron
ticarət meydana çıxdı, sonra mobil ticarət. İndi biz süni intellekt
ticarəti dövrünün astanasındayıq və proqnozlarımıza görə, bu sahə
növbəti il yarım – iki il ərzində aktiv inkişaf edəcək”, – deyə
əlavə edib.
“Visa”nın baş vitse-prezidenti bildirib ki, yaxınlarda keçirilən
“Visa Global Product Drop” təqdimatında şirkət gələcəyin “ağıllı”
alış-veriş assistentlərinin hazırlanmasına yönəlmiş “Visa
Intelligent Commerce” proqramını təqdim edib. Bu proqram süni
intellekt əməliyyatlarının müştərilər, satıcılar və banklar üçün ən
yüksək standartlarla qorunmasını təmin edəcək.
“Biz beş API (Tətbiqi proqramlaşdırma interfeysi /Application
Programming Interface) təqdim etdik: süni intellekt agentinə “Visa”
məlumatlarının yüklənməsi, istifadəçi şəxsiyyətinin təsdiqi,
fırıldaqçılıqdan qorunma və fərdiləşdirmə üçün bütün bunlar tam
anonimlik qorunaraq həyata keçirilir. Həmçinin, ‘agentini tanı’
protokolunu tətbiq etdik: Visa tərəfdaş proqramında iştirak edən
bütün süni intellekt agentləri sertifikatlaşdırılacaq ki, banklar,
satıcılar və istifadəçilər əməliyyatların təhlükəsizliyinə əmin
olsun”, – deyə Sallivan vurğulayıb.
Onun sözlərinə görə, bu proqram biznes üçün yeni imkanlar açır.
Bu gün böyük şirkətlər “Google Ads” və ya emosional reklam üçün
milyonlar xərcləyir. Lakin süni intellekt agentləri yalnız
müvafiqliyə əsaslanır. Bu, kiçik biznes üçün şansları
bərabərləşdirir və böyük marketinq büdcəsi olmadan rəqabət aparmağa
imkan verir.
“Əlavə inteqrasiyanı sadələşdirmək üçün “Visa Acceptance Agent
Toolkit”i təqdim etdik. Satıcılar həmçinin süni intellekt
modellərini birbaşa onlayn mağazalara inteqrasiya edə biləcək, bu
isə alış-verişi daha sürətli və rahat edəcək”, – deyə “Visa”nın baş
vitse-prezidenti bildirib.
Sallivan həmçinin qeyd edib ki, onlayn alış-veriş zamanı ödəniş
prosesi hələ də vaxt aparır: uzun kart nömrəsi, son istifadə tarixi
və CVV daxil edilməlidir.
“Bizim məqsədimiz onlayn ödənişləri mağazada bir toxunuş qədər
sadə etməkdir. Bunun üçün “Visa Payment Passkey” texnologiyası
yaradılıb, bu texnologiya kart məlumatları yerinə telefon nömrəsi
və ya elektron poçtdan istifadə etməyə imkan verir və ödənişi “Face
ID” və ya barmaq izi ilə təsdiqləməyə imkan yaradır. Bu, birdəfəlik
şifrələr daxil etmək tələbini aradan qaldırır, çünki fırıldaqçılar
üçün onları ələ keçirmək daha asandır”, – deyə o bildirib.
Visa nümayəndəsi perspektiv layihə kimi “Visa Flex Credential”ı
də qeyd edib. Bu həll bir neçə kart əvəzinə bir universal
identifikatordan istifadə edir, həm debet, həm kredit kartı kimi
işləyə bilər və hissə-hissə ödəniş aləti kimi də funksionaldır,
müxtəlif ödəniş variantları arasında keçid edərək rahatlıq və
çeviklik təmin edir. Bundan əlavə, şirkət banklararası əməliyyatlar
üçün “Visa” şəbəkəsinə bağlanmış elektron pul kisələri və
“Yellowcard” və “Honeycoin” fintex şirkətləri ilə tərəfdaşlıq
çərçivəsində steyblkoinləri (stable coin) sınaqdan keçirir.
Azərbaycana gəldikdə Sallivan bildirib ki, ölkənin nağdsız
iqtisadiyyatı çox dinamik inkişaf edir.
“Azərbaycan banklarının əksəriyyəti “Apple Pay” və “Google Pay”i
dəstəkləyir. Mobil və digər rəqəmsal qurğuların yüksək səviyyədə
istifadəsi, dövlət və Mərkəzi Bankın dəstəyi süni intellekt
agentlərinin alış-veriş, biometrik həllər və digər innovativ
texnologiyaların tətbiqi üçün əla baza yaradır. Əminəm ki, növbəti
bir il yarım ərzində Azərbaycanda rəqəmsal texnologiyaların
inkişafını daha sürətlə görəcəyik”, – deyə “Visa” nümayəndəsi
bildirib.
Azərbaycandakı kiçik və orta bizneslə bağlı sualı cavablandıran
Sallivan deyib: “Biz Azərbaycanın kiçik sahibkarlıq subyektlərinən
əlçatan texnologiyalar və hərtərəfli dəstək təklif edirik.
“Android” əməliyyat sistemi üzərində çalışan smartfonları tam
ödəniş terminallarına çevirən “Visa Tap to Phone” texnologiyası
ölkədə böyük maraq görür: artıq doqquz yerli bank bunu dəstəkləyir
və 2025-ci ilin əvvəlinə istifadəsi 37 faiz artıb. Qadın
sahibkarları dəstəkləyən “She’s Next Empowered by Visa” proqramı da
uğurludur, Azərbaycanda artıq üçüncü dəfədir ki, keçirilir. Növbəti
addım, mikro-müəssisələr üçün “Visa Accept” həllini işə salmaqdır,
bu da NFC (Near Field Communication) dəstəyi olan hər hansı
smartfondan “Visa” kartına ödəniş qəbul etməyə imkan verəcək, bir
neçə kliklə. Bu, yeni rəqəmsal iqtisadiyyatda biznes üçün şansları
bərabərləşdirən əlavə bir vasitədir”.

