KT və MRT-nin maliyyə mexanizmi digər tibbi xidmətlərə də tətbiq oluna bilər

Baş səhifə

Bakı. Trend:

Bu gün yalnız KT və MRT xidmətlərində tətbiq olunan mexanizmin
gələcəkdə mərhələli şəkildə digər diaqnostik xidmətlərə, laborator
analizlərə, PET-CT, angioqrafiya və ixtisaslaşdırılmış ambulator
müayinələrə də şamil olunması mümkündür.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə
komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, bu, sistemin real tələblərinə və maliyyə
dayanıqlığına uyğun bir addımdır:

“Bu ildən etibarən icbari tibbi sığorta çərçivəsində KT və MRT
xidmətlərinin müştərək maliyyələşmə prinsipi ilə göstərilməsi
səhiyyə sisteminin davamlı inkişafı baxımından mühüm mərhələ
sayılmalıdır.

Əslində, bu mexanizmin məqsədi vətəndaşın üzərinə əlavə yük
qoymaq deyil, səhiyyə sistemində məsuliyyətin və resurs bölgüsünün
ədalətli şəkildə qurulmasıdır. Uzunmüddətli məqsəd həm vətəndaş,
həm tibb müəssisəsi, həm də dövlət üçün davamlı və keyfiyyətli
xidmət modelinin formalaşdırılmasıdır.




İllərdir tibbi xidmətlər tam dövlət hesabına təqdim olunduğu
üçün bəzi hallarda vətəndaşın yönləndirmə sistemi (ailə həkimi,
ixtisaslı həkim, sığorta qaydaları) ilə bağlı qaydalara laqeyd
münasibət yaranırdı. Müştərək maliyyələşmə bu yanaşmanı dəyişmək
üçün stimullaşdırıcı bir vasitədir. Yəni vətəndaş göndəriş olmadan
və ya qeydiyyatda olmadığı yerdə xidmətə müraciət edərsə, müəyyən
hissəni özü qarşılayacaq. Bu, həm maliyyə yükünün
balanslaşdırılması, həm də xidmətə daha şüurlu müraciətin
təşviqidir”.

Rəşad Mahmudovun sözlərinə görə, müştərək maliyyələşmə
səhiyyənin mahiyyətini dəyişmir, əksinə, onu daha rasional və
şəffaf edir.

“Əgər mexanizm düzgün tətbiq olunarsa, bu model həm vətəndaşın
məsuliyyətini artıracaq, həm xidmət keyfiyyətini yüksəldəcək, həm
də icbari tibbi sığortanın uzunmüddətli sabitliyini təmin
edəcək.

Bu sistemin əsas məqsədi vətəndaşdan əlavə ödəniş almaq deyil,
səhiyyənin maliyyə və etik dayanıqlığını təmin etməkdir. Bu, həm
xəstənin, həm həkimin, həm də dövlətin maraqlarını eyni səviyyədə
qoruyan bir balans mexanizmidir”,- deyə o fikirlərini
tamamlayıb.

Qeyd edək ki, ixtisaslı həkimin göndərişi əsasında tibbi
göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans
tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər
müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək
maliyyələşmə məbləği hesabına ödənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir