
Bakı. Trend:
Əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində görülən
işlər nəticəsində AZIR indeksi uçot dərəcəsinə yaxınlaşıb və
aradakı spred minimum səviyyəyə çatdırılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.
Belə ki, cari ilin əvvəlindən iyun ayının sonunadək AZIR indeksi
ilə uçot faiz dərəcəsi arasındakı spred ortalama 0.18 faiz bəndi
olduğu halda, iyulsentyabr aylarında ortalama 0.04 faiz bəndinədək
azalıb. 2025-ci ilin 9 ayı ərzində açıq bazar əməliyyatları
qismində likvidliyin tənzimlənməsində dəstəkləyici alət kimi 28
günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9
ay) notların yerləşdirilməsi üzrə hərracların keçirilməsi davam
etdirilib.
Ümumilikdə, dövr ərzində Mərkəzi Bankın təşkil etdiyi müxtəlif
müddətli not hərraclarının 118-i baş tutub. Baş tutan hərraclardan
30-u 28 günlük, 29-u 84 günlük, 30-u 168 günlük, 29-u isə 252
günlük notlar üzrə olub. 2025-ci ilin 9 ayında dövriyyədə olan
notların qalığı bank sistemindəki vəziyyətdən asılı olaraq dəyişkən
olub, avqust ayında 744.2 milyon manat olmaqla özünün maksimumuna
çatıb. Sentyabr ayının sonuna notlar vasitəsilə sterilizasiya
olunmuş vəsaitin toplam qalığı isə 622.4 milyon manat təşkil
edib.
Onu da qeyd edilib ki, əməliyyat çərçivəsinin
təkmilləşdirilməsilə bağlı fevral ayından not hərraclarında minimum
iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb. Son hərraclarda
formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6.92%, 84 günlük notlar
üzrə 6.94%, 168 günlük notlar üzrə 6.99%, 252 günlük notlar üzrə
isə 7.06% olub.
Qeyd edək ki, AZIR — “Azerbaijan Interbank Rate” (Azərbaycan
Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) —
Azərbaycanda milli valyuta ilə banklararası təminatsız
qısamüddətli kredit-borc əməliyyatlarının orta faiz dərəcəsini əks
etdirən göstəricidir.

