
Bakı. Trend:
Oktyabr proqnozlarına əsasən, 2025 və 2026-cı illərdə illik
inflyasiyanın hədəf diapazonunda (4±2%) qalacağı
proqnozlaşdırılır.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.
AMB-nin oktyabr proqnozuna görə, inflyasiya 2025-ci ildə 6.0%
təşkil edəcək. 2025-ci ilin illik inflyasiya proqnozuna ev
təsərrüfatlarının istehlakının 1.57 faiz bəndi, kənd təsərrüfatı
istehsalçıları qiymətlərinin (KİQİ) 3.64 faiz bəndi, ticarət
tərəfdaşlarında inflyasiyanın 2.80 faiz bəndi və sərnişindaşıma
tarifinin artımının 0.14 faiz bəndi artırıcı təsir edəcəyi
gözlənilir. Dövlət istehlakının -0.44 faiz bəndi, nominal effektiv
məzənnənin (NEM) -0.34 faiz bəndi və digər amillərin (gözləntilər)
isə -1.37 faiz bəndi azaldıcı töhfəsi gözlənilir.
Oktyabr proqnozuna əsasən, 2026-cı ilə inflyasiyanın 5.7% təşkil
edəcəyi gözlənilir. Qiymətləndirmələrə görə 2026-cı ildə
proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.11 faiz
bəndi, ev təsərrüfatlarının istehlakı 1.11 faiz bəndi, KİQİ 3.16
faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.0 faiz bəndi. və
digər amillər 1.48 faiz bəndi artırıcı, NEM isə -2.16 faiz bəndi
azaldıcı təsir edəcək.
Məlumatda vurğulanıb ki, proqnozların reallaşması bir sıra
xarici və daxili amillərin dəyişimindən asılı olacaq.
“Qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması,
qlobal fraqmentasiya və tariflər üzrə ticarət müharibələri
şəraitində əmtəə və maliyyə bazarlarında dalğalanmalar inflyasiyaya
artırıcı təsirə səbəb ola bilər. Ticarət tərəfdaşlarında inflyasiya
səviyyəsindən əlavə nominal effektiv məzənnənin mümkün ucuzlaşması
da inflyasiya üzrə xarici risk faktorlarındandır. Eyni zamanda,
qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaq
istehsalına təsir edə bilər. Daxili faktorlardan inflyasiyanı
artıra biləcək başlıca risk amili isə yerli xərc amillərinin
aktivləşməsi ilə əlaqədardır”, – məlumatda qeyd edilib.

