
Bakı. Trend:
“S&P Global Ratings”in əsas ssenarisində Azərbaycan Dövlət
Neft Şirkətinin (SOCAR) karbohidrogen hasilatının tədricən azalması
nəzərdə tutulur ki, bu da neft və qaz hasilatı ilə bağlı “Upstream”
seqmentinə əlavə investisiyalar yatırılmasını tələb edə bilər.
Trend xəbər verir
ki, qiymətləndirmələrə əsasən, SOCAR-ın 2024-cü ildə öz
aktivlərindən hasil etdiyi neftin həcmi 7,5 milyon ton, təbii qazın
həcmi isə 7,7 milyard kubmetr təşkil edib.
Bundan əlavə, şirkət bir sıra iri beynəlxalq layihələrdə
minoritar səhm paketlərinə sahibdir və onların arasında əsas
olanlar “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarıdır.
Agentlik bildirir ki, SOCAR-ın resurs bazası əhəmiyyətli olaraq
qalır, lakin hasilat həcmləri mövcud istehsal profili çərçivəsində
tədricən azalmağa davam edəcək. Bu, AÇG yatağında hasilatın artıq
pik nöqtəsini keçməsi və “Şahdəniz” layihəsində son dövrlərdə
müəyyən istehsal azalmasının müşahidə olunması ilə bağlıdır.
“Upstream” seqmentinin SOCAR-ın əsas əməliyyat fəaliyyətinin
nüvəsini təşkil etdiyi və şirkətin EBITDA göstəricisinin başlıca
mənbəyi olduğunu nəzərə alan “S&P” yeni yataqların işlənməsi və
ya mövcud layihələrin genişləndirilməsi istiqamətində
investisiyaların artacağını gözləyir.
Bu gözlənilən xərcləri əks etdirmək üçün agentlik əsas
proqnozuna hər il təqribən 3 milyard manatlıq kapital qoyuluşunu
daxil edir ki, bu da son iki ilin investisiya səviyyəsini
üstələyir.
“S&P” qeyd edir ki, az qala başa çatdırılmış “Şahdəniz-2”
layihəsi və cari ilin əvvəlində imzalanmış “Shah Deniz Compression”
layihəsi SOCAR-ın hasilatı artırmaq və istehsal potensialını
möhkəmləndirmək üçün “Upstream” seqmentinə davamlı şəkildə sərmayə
yatırmaq istiqamətində səylərini nümayiş etdirir.

