Növbəti il üçün cari xərclərin əsas hissəsi məhz sosialyönlü xərclərin payına düşür – Himalay Məmişov

Baş səhifə

Bakı. Trend:

Növbəti il üçün cari xərclərin əsas hissəsi məhz sosialyönlü
xərclərin payına düşür.

Trend xəbər
verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli
Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və
təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.

O bildirib ki, 2026-cı ildə sosialyönlü xərclərə 17,1 milyard
manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait
ayrılacaq:

“Bu 2025-ci illə müqayisədə 213,0 milyon manat və ya 1,3 faiz
çoxdur. Bu xərclərin 89,7 faizi və yaxud 15,4 milyard manatı əməyin
ödənişi və sosial təminat xərclərinin payına düşməklə son 5 ildə
(2022-2026-cı illər) 4,4 milyard manat və ya 39,6 faiz
artmışdır”.

Himalay Məmişov əlavə edib ki, 2026-cı il üçün təhsil və
elm
xərclərinə 5,2 milyard manat vəsait nəzərdə
tutulur:




“Bu cari illə müqayisədə 68,4 milyon manat və ya 1,3 faiz, ötən
illə müqayisədə 658,0 milyon manat və ya 14,3 faiz çoxdur.
Ortamüddətli dövrdə təhsil və elmə ayrılan vəsait mütləq ifadədə
1,4 milyard manat və ya 35,2 faiz artmışdır.

Gələn il ümumi və məktəbəqədər təhsil xərclərinə 2,9 milyard
manat, dövlət sifarişi də daxil olmaqla, ali təhsilin
maliyyələşdirilməsinə 828,5 milyon manat, peşə və orta ixtisas
təhsilinə 199,7 milyon manat, təhsil sahəsi üzrə məqsədli
proqramlar və tədbirlər, habelə təhsil sahəsində
tətbiqi tədqiqat xərclərinə 1,1 milyard manat
vəsait nəzərdə tutulur”.

“Dövlət sifarişi ilə ali təhsilin maliyyə təminatı üçün
ayrılacaq vəsaitin 42,0 milyon manatı həssas qrupdan olan 18,5 min
nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri üçün
nəzərdə tutulmuşdur.

Həmçinin, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə
əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini
genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və
təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə
mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət
büdcəsində 15,0 milyon manat vəsait proqnozlaşdırılır”, – deyə
nazir müavini qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir