
Bakı.Trend:
Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc
əsgərlərin andiçmə mərasimi keçirilib.
Trend xəbər
verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi
hissələrin döyüş bayrağı sıra meydanına gətirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə
Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən andiçmə
mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin
rəhbərliyi altında Vətən Müharibəsində mətinliklə döyüşmüş
sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək
səviyyədə təmin etdiklərini xüsusi vurğulamışlar.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin
təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.
Tədbirlərdə Vətənə, dövlətə sədaqət andı içən gənc əsgərlərin
nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və Müzəffər Ali Baş
Komandana daim sadiq qalacaqlarına, Vətən sərhədlərini göz bəbəyi
kimi qoruyacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər
arzulanıb.
Hərbi qulluqçuların valideynləri yaradılmış şəraitə görə ölkə
rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik
edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə
etmişlər.
Andiçmə mərasimləri gənc əsgərlərin təntənəli marşla tribuna
önündən keçidi ilə başa çatıb.

