Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

Baş səhifə

Bakı. Trend:

Bu ilin 10 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika
müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1
milyon 283 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət
büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə
alınıb.

Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr
ayları ərzində icmal büdcənin gəlirləri 40 960,7 milyon manat
təşkil edib ki, bu da on aylıq proqnozu 3 946,5 milyon manat və ya
10,7 faiz üstələyib.

Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 32 891,4 milyon manat
təşkil edib ki, bu da on aylıq proqnozu 536,8 milyon manat və ya
1,7 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 14 378,3 milyon
manat təşkil edərək proqnozdan 752,3 milyon manat və ya 5,5 faiz,
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə
daxilolmalar 38,6 milyon manat təşkil edərək proqnozdan 9,5 milyon
manat və ya 32,6 faiz, sair daxilolmalar 614,8 milyon manat təşkil
edərək proqnozdan 156,1 milyon manat və ya 34,0 faiz çox, Dövlət
Neft Fondundan transfert isə 12 067,5 milyon manat təşkil edərək
proqnoza qarşı 100 faiz icra edilib.




Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 255,7
milyon manat təşkil edərək proqnoza qarşı 96,8 faiz, dövlət
büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən
daxilolmalar 536,5 milyon manat təşkil edərək proqnoza qarşı 72,2
faiz icra olunub.

2025-ci ilin 10 ayı ərzində İcmal büdcənin xərcləri 32 691,7
milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 10 aylıq
icra göstəriciləri ilə müqayisədə 872.7 milyon manat və ya 2,7 faiz
çoxdur.

Həmin dövrdə dövlət büdcəsinin xərcləri isə 27 720,6 milyon
manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə
müqayisədə 387,6 milyon manat və ya 1,4 faiz azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir