Qeyri-qanuni zəbt edilən ərazilərə yenidən nəzər salınmalı və kəndçi öz torpağına qaytarılmalıdır – Elçin Mirzəbəyli

Baş səhifə

Bakı. Trend:

Bölgələrin əhəmiyyətli hissəsinin əhalisinin gəlirləri məhz
aqrar sektordan, kənd təsərrüfatındandır. Əgər kənd təsərrüfatı
inkişaf etmirsə, insanlar gəlir əldə etmirlərsə, öz ərazilərini,
yaşadıqları yeri tərk edirlər. Bu da təbii ki, həm ailələrə, həm də
son nəticədə təhsilə təsir göstərir.

Trend
xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli
parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və
təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.

Millət vəkili xatırladıb ki, artıq Ağsu rayonunda
məktəblərdə bir neçə sinfin birləşdirilməsi və yaxud məktəblərin
birləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür:

“Bunun alternativi yoxdur. Bu baxımdan da birinci növbədə,
şübhəsiz ki, aqrar sektorun inkişafı istiqamətində real
təkliflərin, təşəbbüslərin həyata keçirilməsi istiqamətində
addımlar atmaq lazımdır. İndiyə qədər qeyri-qanuni şəkildə zəbt
edilmiş ərazilərə yenidən nəzər salınmalı və kəndçinin yenidən öz
torpağına qaytarılması istiqamətində müvafiq addımlar atılmalıdır.
Kəndlərin boşalmaması üçün birinci növbədə subsidiyalardan daha
önəmli məqam konkret layihələr üzrə, konkret təkliflər üzrə, biznes
planlar üzrə iş yerlərinin açılması və iş yerlərinin
maliyyələşdirilməsidir”.

Parlamentari vurğulayıb ki, daxili bazarın qorunması ilə
bağlı proteksionizm siyasəti önəmlidir:




“Amma daxili bazar olacaqsa, yəni nəticə etibarilə bu gün ölkə
istər ərzaq sektoru sahəsində, istərsə də digər sahələrdə prinsip
etibarilə vətəndaşlarını təmin etmək iqtidarında deyil.
Proteksionist siyasət nəticə etibarilə həm də ölkəyə daxil olan
vəsaitlərin azalmasına imkan yaradacaq. Yəni nəticə etibarilə
gömrük rüsumları azalacaq. Bu da istər-istəməz öz növbəsində
büdcəyə təsirini göstərəcək. Ona görə də birinci növbədə daxili
istehsalı artırmaq və bundan sonra artıq konkret olaraq ayrı-ayrı
sahələrə uyğun şəkildə müvafiq addımların atılmasına ehtiyac
var”.

E.Mirzəbəylinin sözlərinə görə, sosial proqramlar əsasında,
o cümlədən “DOST” mərkəzləri vasitəsilə insanlara müəyyən iş
yerləri açılmışdı və bunlar müəyyən bir zaman kəsiyində birdən-birə
dayandırılıb:

“Mən insanların ələbaxan olmasının tamamilə əleyhinəyəm.
İnsanlara iş görməyi, iş yerləri açmağı öyrətmək lazımdır və bu
istiqamətdə tədbirlər həyata keçirilməlidir. Amma bu proses tədrici
bir prosesdir. Alternativlər təqdim edilmədən insanların
birdən-birə gəlir mənbələrindən məhrum edilməsi özü belə ciddi
sosial problemlər ortaya çıxarır. Nəticə etibarilə atılan addımlar
özünü doğrultmur və məsələlərə də yeni büdcə çərçivəsində
baxılmasının zamanıdır”.

Deputat sonda təmsil etdiyi rayonun problemlərindən də söz
açıb:

“Ağsu rayonunun ən böyük problemlərindən biri içməli su ilə
bağlıdır. Və bu problem yeni bir problem deyil, artıq uzun
illərdir, davam edir. Xxüsusilə də hər il yay aylarında insanlara
həftədə 2 saat su verilir. Yəni bu, çox ciddi bir problemdir.
İçməli suyun tərkibi də artıq keyfiyyətsizdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir