
Bakı.Trend:
Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə
eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini
başa vurmuş detallar müəyyən edilib. Bununla əlaqədar, təmir və
bərpa işlərinə başlanılıb.
Trend xəbər
verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, artıq bir neçə ərazidə eskalatorların təmiri
yekunlaşıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilib və
vətəndaşların istifadəsinə təqdim olunub. Hazırda digər keçidlərdə
də mərhələli şəkildə bərpa işləri davam etdirilir.
Bununla yanaşı, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramı” çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü
piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə
bağlı genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin
nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyətin
qiymətləndirilməsi, eskalatorların yenilənməsi, müasir standartlara
cavab verən avadanlıqlarla əvəzlənməsi və texniki xidmətin
keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır.
Görülən tədbirlər yeraltı piyada keçidlərində vətəndaşların
təhlükəsiz, rahat və fasiləsiz hərəkətinin təmin edilməsinə,
həmçinin şəhər nəqliyyat infrastrukturunun müasir tələblərə
uyğunlaşdırılmasına xidmət edir.

