
Avstraliyada özlərini falçı kimi təqdim edən qadın və qızı 70 milyon dollarlıq dələduzluqda şübhəli bilinərək həbs edilib.
Metbuat.az xəbər verir ki, 53 yaşlı Anya Phan və onun 25 yaşlı qızı ölkə tarixində ən böyük maliyyə cinayəti törətmiş qruplardan birinin üzvü olmaqda ittiham olunur.
Sidney şəhərində saxlanılan ana və qızın müxtəlif üsullarla insanları ümumilikdə 70 milyon dollar aldatdıqları bildirilir.
Əməliyyat zamanı çoxlu sayda maliyyə sənədləri, mobil telefonlar, elektron cihazlar, dəbdəbəli əl çantaları və təxminən 6000 dollar dəyərində 40 qramlıq qızıl külçələr götürülüb.
Polis bildirib ki, Phan müştərilərinə gələcəkdə “milyarder olacaqlarını” deyərək maliyyə krediti almağa razı salıb, sonra isə kredit məbləğinin bir hissəsini özünə köçürtməyə nail olub.
İstintaq zamanı məlum olub ki, dəstə oğurlanmış şəxsi məlumatlardan müxtəlif maliyyə qurumlarından kreditlər əldə etmək və mövcud olmayan dəbdəbəli avtomobilləri alırmış kimi göstərməklə külli miqdarda kredit dələduzluğu ilə məşğul olub.
17 şəxs əvvəllər təşkilatla əlaqədə olduqları iddiası ilə saxlanılıb və təxminən 60 milyon dollarlıq aktivləri dondurulub.

