
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Böyük
Britaniyanın Vestminster Universiteti arasında həyata keçirilən
“Memarlıq abidələrinin bərpası və yenidən qurulması üzrə magistr
səviyyəsində ikili diplom” proqramı çərçivəsində “Memarlıq elminin
müasir problemləri” mövzusunda elmi-praktik vorkşop təşkil olunub.
Tədbir 4–8 noyabr 2025-ci il tarixlərində AzMİU-nun Xarici Əlaqələr
Şöbəsi və Ekologiya kafedrasının birgə təşkilatçılığı ilə baş
tutub.
Vorkşop çərçivəsində Vestminster Universitetinin Memarlıq və
Dizayn fakültəsinin tanınmış alimləri — professor Nasser Golzari və
dosent Rosa Schiano di Cola AzMİU-nun qonağı olublar. Qonaqlar
universitetin müəllim heyəti və magistr tələbələri ilə görüşərək
müasir memarlıq təcrübəsi, abidələrin qorunması və bərpası, eləcə
də ekoloji dayanıqlılıq prinsipləri mövzusunda təqdimatlar ediblər.
Tədbir həm elmi, həm də praktik yönümlü müzakirələr üçün əlverişli
platforma rolunu oynayıb.
Dörd gün davam edən proqram çərçivəsində Memarlıq və Ekologiya
ixtisasları üzrə magistr tələbələri üçün iki elmi-praktik vorkşop
və üç seminar keçirilib. Vorkşoplarda iştirakçılar memarlıq
abidələrinin bərpası və yenidən qurulması mövzusunda layihələr
üzərində işləyib, bu layihələrə ekoloji dayanıqlılıq və ətraf
mühitin qorunması prinsiplərini tətbiq ediblər. Seminarlarda isə
memarlıq elminin müasir problemləri, urbanist tədqiqat metodları,
davamlı və “yaşıl” memarlıq yanaşmaları, enerji səmərəliliyi və
ekoloji planlaşdırma məsələləri müzakirə olunub.
Vorkşop tələbələrin akademik və elmi biliklərini artırmaqla
yanaşı, onların ekoloji düşüncə tərzinin və davamlı memarlıq
prinsiplərini layihələrə tətbiq etmə bacarıqlarının inkişafına
xidmət edib. Beynəlxalq müəllimlərin rəhbərliyi altında keçirilən
interaktiv sessiyalar tələbələrə layihə işləmə, fikir mübadiləsi
aparma və memarlıq abidələrinin qorunması sahəsində müasir
yanaşmaları öyrənmək imkanı yaradıb.
Tədbirin yekununda iki universitet arasında gələcək əməkdaşlıq
planları, o cümlədən ikili diplom proqramının genişləndirilməsi
istiqamətində fikir mübadiləsi aparılıb. Professor Nasser Golzari
və dosent Rosa Schiano di Cola vorkşopun yüksək səviyyədə təşkilini
qeyd edərək, AzMİU ilə gələcək birgə layihələrin həyata
keçirilməsində maraqlı olduqlarını bildiriblər.

