Paytaxtda iki bazarda yağların qanunsuz emalı və satışı müəyyən edilib

Baş səhifə

Bakı. Trend:

Bazarlarda mənşəyi məlum olmayan müxtəlif növ yağların
hazırlanması və satışının həyata keçirilməsi, o cümlədən
məhsulların emalı və saxlanma şəraitinə əməl edilməməsi ilə bağlı
mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin
əməkdaşları tərəfindən monitorinq aparılıb.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı iki bazarda qanunsuz olaraq
yağların emalı və satışının həyata keçirildiyi müəyyən edilib.
Bununla əlaqədar Bakı şəhərinin Nərimanov rayonu, Xətai prospekti
25 ünvanında fəaliyyət göstərən “Green Food Group” QSC-yə məxsus
“Yaşıl” bazarda və Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C
ünvanında “Kəngərli” bazarında plandankənar yoxlama keçirilib.




Baxış zamanı soyuq sıxım yağ məhsullarının emalı ilə məşğul olan
subyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət
göstərdiyi, məhsulların emalı üçün sanitar-gigiyenik və
sanitar-texniki şəraitin təmin olunmadığı, yağların hazırlanmasında
istifadə olunan toxum xammallarının saxlanma qaydalarına əməl
edilmədiyi, emal və satış proseslərində işçilərin gigiyenik norma
və qaydalara riayət etmədiyi, mənşəyi məlum olmayan xammallardan
istifadə olunduğu və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı və satışı
obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, hazır məhsullar
dövriyyədən çıxarılaraq satışı dayandırılıb, nöqsana yol verən
şəxslər barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilib.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb
olunub.

“Kəngərli” bazarında fəaliyyət göstərən fiziki şəxs Şahvələdov
Şalbuz Vəzir oğlu tərəfindən emal olunan soyuq sıxım zeytun yağı
nümunəsində olein, linol və begen turşusu üzrə uyğunsuzluq müəyyən
edilib. Belə ki, zeytun yağı nümunəsinin yağ turşu spektri
qarğıdalı yağının yağ turşu spektri ilə eynilik təşkil edib.
İstehlakçının aldadılmasına yönəlmiş qanunsuz halla bağlı
qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir