
Bakı. Trend:
13 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Asiya
Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal
ombdusmanı Ecaz Əhməd Qureşini qəbul edib.
Bu barədə Trend-ə XİN-dən
məlumat verilib.
Görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin dostluq və
qardaşlıq prinsipləri əsasında dinamik inkişafından məmnunluq ifadə
edilib, dövlətlərarası strateji tərəfdaşlığın təşəkkülündə iki
ölkənin liderləri arasında yüksək səviyyəli təmasların müstəsna
rolu vurğulanıb.
Son bir il ərzində ikitərəfli və çoxtərəfli formatlarda baş
tutan çoxsaylı ali və yüksək səviyyəli təmaslar, xüsusilə də
Azərbaycan, Pakistan və Türkiyə liderlərinin cari ilin may ayında
Laçın şəhərində keçirilmiş üçtərəfli görüşü, eləcə də Pakistan Baş
nazirinin 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş
hərbi paradda iştirakı məmnunluqla xatırlanıb.
Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq və
qarşılıqlı investisiyaların artan dinamikası qeyd olunub, bunun
digər sahələrdə əlaqələrin inkişafına həmçinin müsbət təsir
göstərdiyi diqqətə çatdırılıb.
İki ölkənin ombudsman aparatları arasında əməkdaşlığın öz
növbəsində ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi və
genişləndirilməsinə əlavə dəyər qatdığı bildirilib.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Qoşulmama
Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 İqtisadi Əməkdaşlıq
Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirə çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyə əsaslanan
koordinasiyalı fəaliyyəti yüksək qiymətləndirilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

